Məhkəmə qərarları › İş №3(006)-2133/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2133/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2133/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş: icra məmuru X4 Zərər çəkmiş şəxs: X3 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, H/Hosp, ev 03-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 264/2014 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-759/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(006)-2200/2021 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında icra məmuru X8 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-264/2014 saylı icra sənədinə əsasən Şəxs X2 və X6 920.50 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X16 Olmayan Kredit Təşkilati” MMC-nin xeyrinə ödənilməlidir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-759/2021 saylı icra sənədinə əsasən Şəxs 14.000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14.030 manat məbləğində pul alınaraq tələbkar X10 verilməlidir. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2200/2021 saylı icra sənədinə görə Şəxs tələbkar X3 xeyrinə 01 ədəd 29 qram 583 əyar Rusiya istehsalı olan brilyant qaşlı yolka qolbağı, 01 ədəd 28,9 qram 750 əyar qızıl qolbağı, 01 ədəd 8,1 qram 583 əyar qızıl boyunbağı, 01 ədəd 11 qram 935 əyar qızıl boyunbağı natura şəklində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa borclu Şəxs X3 xeyrinə əmlakların dəyəri 5.655 manat pul tutulmalıdır. Habelə Şəxs tələbkar X3 xeyrinə dövlət rüsumunun əvəzi kimi 30 manat da tutulmalıdır. Hər bir icra sənədi üzrə icraata başlamaq haqqında müvafiq qərarlar qəbul edilmiş, tələbin icrasına dair bildirişlər borclu Şəxs təqdim olunmuşdur. “Elektron İcra İnformasiya Sistemi” vasitəsilə borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Hər 3 icra sənədi xx.xx.2022-ci il tarixli qərarla bir icraata birləşdirilmişdir. İcra sənədlərinin icrası ilə bağlı borclu dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatı alınmış, lakin sonuncu maddi vəziyyətinin çətin olduğunu, tam ödəniş edə bilmədiyini, hər ay qismən ödəniş edəcəyini bildirsə də, heç bir ödənişlər aparmamışdır. Daha sonra borcu ilə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, o şöbəyə gəlməmiş və icra sənədlərini icra etməkdən yayınmışdır. Borclu Şəxs yaşayış yeri məlum olmadığından və şöbəyə gəlməkdən yayındığından barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəxs şöbəyə təhvil verilmiş, onun şöbədə olan başqa icra işləri ilə bağlı izahatları alınmış və sonradan sərbəst buraxılmışdır. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə yenidən şöbəyə dəvət edilmiş, izahatı alınmış, izahatında maddi vəziyyətinin çətin olduğundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Tələbkar tərəflər icra sənədləri üzrə tələbin təmin edilməsini tələb etmişlər. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2200/2021 saylı qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Şəxs icra sənədi üzrə nə qızıl-zinət əşyalarını, nə də ki, həmin əmlakların dəyəri olan 5.655 manat pulu ödəmək istəmir. Özü ürək xəstəliyindən əziyyət çəkir, yeni əməliyyat olunmuşdur. O, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onun himayəsində iki övladı var. Onlardan biri tibb, digəri isə hüquq fakültəsində təhsil alır. Onların ümumilikdə 7.000 manat illik təhsil haqqlarını ödəyir. Özü həkimdir, gələcəkdə işlə təmin olunmaq üçün hazırda imtahana hazırlaşır. İndiyə kimi onun çoxlu borcu yaranmışdır. Bu ilin iyul ayına kimi X5 olan borcunu tam olaraq ödəyəcək, digər borclarını da həll etməyə çalışacaq. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-264/2014 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-759/2021 saylı və xx.xx.2021ci il tarixli, 2(006)-2200/2021 saylı icra sənədindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, onun qanunimntələblərini yerinə yetirməmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 02 may 2023-cü il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon İcra şöbəsinə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar