Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2134/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1nun iştirakı ilə, X2 Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2021-ci il tarixli EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılmışdır. Cəmiyyət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olmaqla nizamnamə əsasında fəaliyyət göstərir. Halhazırda Rabitə Nazirliyinin tərkibində qeydiyyatda olan **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. İdarə etdiyi avtomobilin texniki baxış müddəti bitdiyindən kameralar vasitəsi ilə aşkara çıxarılmış və DYP əməkdaşı vasitəsi ilə onun sürücülük vəsiqəsinə qeydiyyata alınmışdir. Texniki səhv olsa hardasa anlamaq olar. Amma belə hallar dəfələrlə təkrarlandığından qeydə alınan protokoldan DYP əməkdaşının cibinə gələn 25% gəlirin tamahından başqa bir şey deyildir. Etdikləri səhvlərin qarşısında hətta Şaxta baba kimi hədiyyə göndərməyi belə unutmayıblar. Buna sübut olaraq EQ6942574 nomreli 06.07.2020-ci il tarixində qeydə alınmış protokolun 30.06.2021-ci il saat 15:20 tarixində sistemə qeydiyyata alinmasını sübut kimi təqdim edə bilər. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatlan haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan ferqli olaraq idarə etdiyi avtomobil onun özünə yox dövlətə daha dəqiq Rabitə Nazirliyinin balansında olan "xxxx" MMC-yə məxsusdur. Belə olduğu halda əgər avtomobil şəhər kameraları vasitəsi ilə qanun pozuntusuna görə qeydiyyata alınırsa həmin qanun pozuntusu yeni qərara əsasən 1 gün ərzində sistəmə yerləşdirilməli və bu barədə avtomobilin məxsus olduğu quruma məktubla bildiriş göndərilməlidir. Məktubu qəbul edən qurum avtomobil barəsində və həmin vaxtı idarə hüququ kimə vərilibsə (yəni yol vərəqəsi) həmin şəxs barəsində olan məlumatları aidiyyatı olaraq DYP-nə göndərməlidir.(əgər qurum DYP-nin bildirişinə 30 iş günü ərzində cavab verməzsə 200 manat məbləğində DYP tərəfindən cərimə olunur.) DYP bildirişi aldıqdan sonra məlumatları sistəmə yerləşdirir və xəta törədildiyi zaman sükan arxasında olan vətəndaşa bildiriş göndərir. Həmin bildirişi alan vətəndaş 10 gün ərzində öncə aidiyyatı üzrə DYP daha sonra isə,DYP cavabından razı qalmadığı halda məhkəmə orqanlarına şikayyət etmək hüququna malikdir. Əgər sürücü qacıb gizlənibsə və sürücünü tapmaq qeyri-mümkündürsə bu halda qanun pozuntusu haqqında tədbir 38.5-ci madde ile nizamlanmışdır. İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Burdan da bizə aydın oldu ki, məktubun evə gəlməsi deyil, vətəndaşın qaçıb gizlənməsi təsdiqlənərsə, 2 illlik işin axımı dayandırılır. İXM-nin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 122.1-ci maddədə göstırildiyi kimi qayda pozuntusu xüsusi foto və video qeydiyyat vasitəsi ilə aşkara çıxarılıbsa, o 1 gün ərzində elektron kabinetə yerləşdirilməlidir. Qərarlı və ya qərarsız fərq etməz. Lakin bu bilavasitə YPX əməkdaşı tərəfindən aşkara çıxarılmağa aid deyil. Bu yalnız kameraya düşməyə aiddir. İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1 -ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. DYP əməkdaşı qanun pozuntusunu kamera qeyde alıb sistemə ötürdüyü zaman, yəni, 06.07.2020-ci il tarixində qeydə almamış və qeyd etdiyi vaxtdan bir il müddət keçdikdən sonra yəni 30.06.2021-ci il saat 17.27.16 tarixində qeydə alaraq sistemə yerləşdirmiş və sistemdə avtomobil sonuncu olaraq yol vərəqəsi ilə onun adına idarə huququ verildiyindən həmin qayda pozuntusunu da bir başa onun sürücülük vəsiqəsinin məlumatları üzrə qeydə alınmışdir. Beləliklə, hesab edirik ki, İXM-nin 53-cü maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2021-ci il tarixli EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar məzmunlu izahat verib şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 30 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 30 iyun 2021-ci il tarixində polis əməkdaşları tərəfindən yoxlanılarkən, əsassız cərimə olunması barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2021-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2021-ci il tarixli EQ seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2134/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2134/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver