Məhkəmə qərarları › İş №3(006)-2137/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2137/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2137/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında 20-ci polis bölməsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Vartaşen rayonu, Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Oğuz rayonu, Kərimli ərazi dairəsi, Kərimli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törədərək xırda xuliqanlıq etmiş, habelə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi, “Park 20” ticarət mərkəzinin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru X2 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 17:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsi, “Park 20” ticarət mərkəzinin yaxınlığında xidmətdə olarkən X6 ona yaxınlaşıb Şəxs göstərərək söyləmişdir ki, sonuncu xx.xx.2022-ci il tarixdə onun anasına qarşı zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, buna görə də ondan şikayətçidir. O da bu şəxsə yaxınlaşıb məsələni aydınlaşdırılması üçün birlikdə polis bölməsinə getməli olduqlarını bildirdikdə, Şəxs onları təhqir edərək heç yerə getməyəcəyini söyləmişdir. Dəfələrlə polis bölməsinə dəvət edilməsinə baxmayaraq nalayiq ifadələr işlətməyə davam etmiş və onun bu hərəkətləri videoçəkilişlə lentə alınmışdır. Bundan sonra Şəxs fiziki qüvvədən istifadə etməklə avtopatrula əyləşdirib polis bölməsinə gətirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olarkən idarə etdiyi “Mercedes-Benz” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Park 20” ticarət mərkəzinin qarşısında olarkən bir qadın və bir uşaq müştəri qismində maşının arxa oturacağına əyləşmişdir. Qadın ürəyinin zəif olduğunu deyərək kondisioneri yandırmağı, yaxud pəncərəni açmağını istəmiş, o da kondisionerin işləmədiyini və arxa pəncərənin nasazlıq ucbatından açılmadığını bildirərək ön tərəfdəki sərnişin oturacağında əyləşə biləcəyini demişdir. Qadın isə arxada əyləşəcəyini söyləyərək yol boyu deyinmiş, hətta tıxac olduğundan yolun ortasında düşmək istəmiş, o isə qadına düşməyin riskli olduğunu, arxadan maşın gəldiyini bildirmişdir. Bu zaman qadın anidən qapını açmış və qapı arxadan gələn maşının yan güzgüsünü sındıraraq əzilmişdir. O da qadından zərərin ödəməsini istəmiş, qadın isə ödəməyəcəyini bildirərək onun ünvanına nalayiq sözlər işlətmişdir. O, qadını təhqir etməmiş, zərəri ödəməsini tələb etmiş və bunun üçün oğlunun əlaqə nömrəsini istəmişdir. Bu zaman qadın xidmət haqqı olaraq verdiyi 5 manat pulu geri istəmiş, o isə etiraz etdikdə qadın onun köynəyinin yaxasına əl atmış, ətrafdakı insanlar onları ayırmışdır. Daha sonra o, hadisə yerindən uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə 20 Yanvar dairəsi, “Park 20” ticarət mərkəzi yaxınlığında qadının oğlu ona yaxınlaşmış, baş vermiş hadisəni soruşduqda olanları sonuncuya bildirərək anasını təhqir etmədiyini söyləmiş və vurulmuş ziyanın ödənilməsini istəyəndə, həmin şəxs onu təhqir etmiş, ünvanına nalayiq ifadələr işlətmişdir. Qadın və onun oğlu tərəfindən təhqir olunmasına baxmayaraq onlara cavab verməmişdir. Həmin şəxs yaxınlıqdakı polis əməkdaşlarına ondan şikayətçi olduğunu bildirmiş, onu polis bölməsinə dəvət etdikdə isə özü gələcəyini bildirmişdir. Lakin, polis əməkdaşları ona güc tətbiq edərək maşına əyləşdirib polis bölməsinə aparmışlar. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə nəvəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Life Center” ticarət mərkəzinə getmək üçün 20 Yanvar dairəsi, “Park 20” ticarət mərkəzinin qarşısında Şəxs idarə etdiyi taksiyə əyləşmişdir. Ürəyinin zəif olduğunu və maşının içərisinin isti olduğunu deyərək Şəxs kondisioneri işə qoşmağı, yaxud pəncərəni açmağını istəmiş, sonuncu isə kobud şəkildə kondisionerin işləmədiyini, pəncərənin isə açılmadığını bildirərək öndəki sərnişin oturacağına əyləşə biləcəyini demişdir. Şəxs danışığındakı kobudluq təhqirə və nalayiq ifadələrə çevrilmiş, o da təyinat nöqtəsinə çatmamış taksidən düşmək qərarına gəlmişdir. Şəxs maşını yolun ortasında saxladığı üçün o qapını açıb yerə düşmüş, bu zaman maşının qapısı arxadan gələn nəqliyyat vasitəsinin güzgüsünə dəymişdir. Bundan sonra Şəxs ona qarşı çox aqressiv davranmış, nəlayiq ifadələr işlətmişdir. O da həmin avtomobilə dəyən zərəri ödəyərək çıxıb getmiş və hadisə barədə oğlu X4 məlumat vermişdir. Şəxs şikayətçidir. Məhkəmədə şahid X6 bildirdi ki, anası Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə taksi sürücüsü ilə baş vermiş hadisəni danışdıqda o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi, “Park 20” ticarət mərkəzinin yaxınlığına gələrək “Mercedes-Benz” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tapmış, etdiyi hərəkətə görə ona öz iradını bildirmişdir. Sonuncu isə onu təhqir etdiyindən ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq Şəxs şikayətçi olduğunu bildirmişdir. Polis əməkdaşları məsələ ilə bağlı onları polis bölməsinə dəvət edən zaman Şəxs müqavimət göstərmiş, həm polis əməkdaşlarınının, həm də onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar