Məhkəmə qərarları › İş №3(006)-2139/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2139/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2139/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X1 tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində xx.xx.2020-ci il tarixdə idarə etdiyi «X2» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməsi faktı müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə idarə etdiyi «X2» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində qadağan olunmayan yerdə saxlayıb öz şəxsi işləri ilə əlaqədar olaraq avtomobildən uzaqlaşmışdır. Daha sonra avtomobilini yenidən idarə etmək üçün saxladığı yerə yaxınlaşdıqda polis əməkdaşlarının onun barəsində inzibati xəta haqqında protokol tərtib etməsini öyrənmişdir. Protokolun onun avtomobilinin arxa hissəsində guya, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməsi ilə əlaqədar olaraq tərtib olunmasını bildikdən sonra etiraz etmiş və heç bir qanun pozuntusuna yol verməməsini polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları ona avtomobilin arxa hissəsində olan dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməsi ilə bağlı fotoşəkili göstərməsindən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə telefonla zəng vuraraq etiraz etmiş və onun qanun pozuntusu törətməməsini qəti olaraq bildirmişdir. Daha sonra orada olan avtomobillərin park edilməsinə nəzarət edən şəxsə təzyiq etmiş və həmin şəxs dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən məhz onun tərəfindən yerləşdirilməsini etiraf etmişdir. Həmin şəxs etiraf etdikdən sonra Polis İdarəsinə gedərək etirazını bildirmiş və orada ona videogörüntü təqdim olunarkən həqiqətəndə onun heç bir qanun pozuntusu etmədən avtomobillərin park edilməsinə nəzarət edən şəxsə ödəmə etməsi müəyyən olunaraq təqsirsiz olması sübut olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında protokolla razı olmadığını bildirərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki seriya nömrəsi ağ rəngli örtükdən istifadə edilməklə həmin dövlət nömrə nişanının görünüşü məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət yaranır. Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, Bakı şəhər DYPİ yol patrul xidməti baş inspektoru Əlövsət Zeynalov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar