Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2143/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X6 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində xx.xx.2022-ci il tarixdə saat 10:30-da aparılan planlı yoxlama zamanı X3, X4, X1 keçməmələri aşkarlanmışdır. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza X9 şöbəsinin mütəxəssisi X8 tərəfindən xx.xx.2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar əsasında 18 aprel 2022-ci il tarixdə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində yoxlama aparılmışdır. Yoxlama zamanı X3, X4 və X1 keçmədən praktik tibbi fəaliyyətlə məşğul olması faktı aşkar edilmişdir. Şəxs MMC-nin direktoru Fərid Eyvazovun izahatı alınmış və digər qanuna müvafiq tədbirlər görülmüşdür. Göstərilənlərə əsasən məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X10 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin yoxlaması zamanı 3 nəfər əməkdaşlarının özəl tibb fəaliyyətlə məşğul olması, sertifikatı olmaması aşkarlanmış və bu məsələyə aydınlıq gətirmək üçün öz dəlillərini məhkəmənin nəzərinə çatdırmaq istəyir. Belə ki, qeyd olunan 3 nəfərdən Aygün Səfərova (Qədirova) Türkiyədə təhsil almış və klinikada tibb bacısı kimi fəaliyyət göstərir. Digər tibb işçilərindən biri uzun müddətdir analıq məzuniyyətindədir, digəri isə tibb müəssisəsində tibb bacısı olaraq fəaliyyətini davam etdirir. Bundan əlavə, yoxlamanın aparılmasında səlahiyyəti olan şəxslərin iştirak etməməsi, həmçinin protokolun səlahiyyətli şəxslər tərəfindən tərtib edilib-edilməməsi sual doğurur. Həmçinin, yoxlamanın aparılması zamanı və sonradan Şəxs MMC-yə qarşı qərəzli hərəkətlər baş vermişdir. Qeyd olunanların nəzərə alınmasını və barələrində AR İXM-nin 215.4-cü maddəsinə əsasən başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY221728663 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın keçirilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 250 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarının və sahibkarın nümayəndəsinin iştirakları ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 158 saylı planlı (növbəti) yoxlama aktından görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən X3, X4 və X1 keçmədən praktik tibbi fəaliyyətlə məşğul olması aşkarlanmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tövsif olunmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMCyə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində X3, X4 və X1 keçmədən praktik tibbi fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2143/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2143/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver