Məhkəmə qərarları › İş №3(006)-215/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-215/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-215/2021 18.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1979-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 178, mənzil 21-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi «Lexus RX350” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonunda yerləşən D.Əliyeva küçəsi ilə Topçubaşov küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin İİİ hissəsinin tələbini pozub yol ayrıcına daxil olaraq sağ tərəfdən Topçubaşov küçəsi ilə düzünə yolayrıcına daxil olan, Zərərçəkmiş şəxs idarə etdiyi “Azsamand” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, bunun nəticəsində sonuncu avtomobilin sürücüsü idarəetməni itirib yolun sağ kənarında saxlanılmış, X3 məxsus “Audi A 4” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən, həmçinin bu maşının qarşısında dayanmış, Qaraxanov Niyaz Fayaz oğluna məxsus “Chevrolet Aveo” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, eyni zamanda ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 15:00 radələrində idarə etdiyi “Lexus RX350” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Topçubaşov küçəsinin kəsişməsinə daxil olduqda bir anlıq ehtiyatsızlıq edərək hərəkət etdiyi yolun baş yol olduğunu zənn edib gözləmədən yolayrıcına daxil olmuş və bu zaman sağ tərəfdən Topçubaşov küçəsi ilə sürətlə düzünə yolayrıcına daxil olan “Azsamand” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Azsamand” markalı avtomobilin sürücüsü idarəetməni itirib yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Audi A4” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuş, eyni zamanda bu maşın da qarşısında dayanmış vəziyyətdə olan “Chevrolet Aveo” markalı, **- MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə zamanı maşınlara maddi ziyan dəymiş, “Azsamand” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs isə yüngül xəsarət almışdır. Dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2020ci il tarixli, 995 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bu xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, onun yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar