Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2169/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5, mənzil 5-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsi üzrə Bakı şəhəri Suraxanı rayon prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə Mərkəzi filialının Sosial ödənişlər departamentinin müavinət, təqaüd və digər ödənişlər şöbəsinin böyük mütəxəssisi Şəxs X1 razılığı olmadan nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial müavinətlər” altsistemindən sonuncuya məxsus fərdi məlumatları tanışı X3 ötürməklə informasiya ehtiyatlarından istifadə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, 2002-ci ildən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləmiş, sonuncu iş yeri isə ünvan 1 ünvanda yerləşən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı olmuş, orada o, böyük mütəxəssis vəzifəsində işləmişdir. Onun vəzifə funksiyalarına müavinət məbləğlərinin ödənilməsi, onlardan tutulmalar, əlavə məbləğlərin ödənilməsi və s. daxil idi. Arzu Ağalarovanı 2002-ci ildən tanıyır. Belə ki, onunla Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Nərimanov rayon filialında təxminən 10 il birlikdə işləmiş və münasibətləri normal olmuşdur. Təxminən 2021-ci ilin dekabr ayında Arzu Ağalarova ona zəng vuraraq həyat yoldaşı Xəyyam Məmmədova İİ qrup əlilliyə görə sosial müavinət almaq hüququnun yarandığını bildirmiş və təyinat aparılması barədə soruşmuşdur. O da “SÖAS” proqramında Xəyyam Məmmədovun ad familyasını yazaraq ona təyinat aparılmadığını Arzuya bildirmişdir. Təxminən 2022-ci ilin yanvar ayında A.Ağalarova “WhatsApp” proqramı vasitəsilə həyat yoldaşı Xəyyama əlillik dərəcəsi ilə bağlı müavinətin təyin edilib-edilməməsini yenidən soruşmuşdur. O da Sosial müavinətlər” altsisteminə daxil olaraq Xəyyam Məmmədova aid açılan pəncərənin şəklini Arzuya göndərmiş və onun hər ay 180 manat müavinət alacağını bildirmişdir. Arzu ilə Xəyyamın boşandığını və aralarında mübahisə olduğunu bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraat başlamış Bakı şəhəri Suraxanı rayon prokurorluğunun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubunda qeyd olunur ki, X1 nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial müavinətlər” altsistemində İİ dərəcəli əlilliyə görə sosial müavinət alması barədə məlumatları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə Mərkəzi filialının Sosial ödənişlər departamentinin müavinət, təqaüd və digər ödənişlər şöbəsinin böyük mütəxəssisi Şəxs tərəfindən əldə edilərək vətəndaşın razılığı olmadan 3-cü şəxsə verilmişdir; Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli qərarla əməldə cinayət tərkibi olmadığından iş üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsi informasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: informasiya sahibi dedikdə, informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür (3-cü maddə); informasiya sahibinin vəzifələrindən biri əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumaqdır (10.4.7-ci maddə); fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur və şəxsin sağlamlıq vəziyyəti haqqında məlumatlar əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlara aiddir (38.2-ci maddə); informasiya sahibi fərdi məlumatları əldə edən şəxslərin qeydiyyatını aparmalı, həmin qeydiyyatda informasiya ilə tanışlığın və ya onu əldə etmənin məqsədi, vaxtı və üsulu göstərilməlidir (38.7-ci maddə). “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya ehtiyatları dedidkə, informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddənin Qeyd hissəsinə müvafiq olaraq dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, Şəxs vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2169/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2169/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver