Məhkəmə qərarları › İş №3(006)-2179/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2179/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2179/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx7), subay, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 14B, mənzil 36-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 mart 2023-cü il tarixdə, saat 18:25 radələrində etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Mirage” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsində hərəkətdə olarkən “yol ver” nişanının tələbini pozaraq soldan M.İbrahimov küçəsi ilə hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “Moon” markalı mopedlə toqquşmuş, nəticədə mopedin sürücüsünə yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı İ.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:25 radələrində etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Mirage” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, Həzi Aslanov küçəsi ilə hərəkətdə olan vaxt Mirzə İbrahimov küçəsinin kəsişməsində hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi “Moon” markalı mopedlə toqquşmuşdur. Bundan sonra o, avtomobili qarşıda saxlamış, “Həsən” adlı şəxs avtomobilə əyləşmiş, ondan mobil nömrə istəmiş, o isə nömrəsini ona deməmişdir. Həsən avtomobilin nömrəsini qeyd etdiyini və ona zəng edəcəklərini bildirmişdir. Buna görə də o, hadisə yerindən uzaqlaşmış, təxminən 40-50 dəqiqə sonra ora qayıtmış və bu zaman orada heç kimin olmadığını aşkar etmişdir. Təqsiri o mopedin sürücüsündə görür. Çünki, o yolayrıcına daxil olanda sağda moped olmamış və o, artıq 2 metr məsafə qət etdikdən sonra moped onun avtomobilinə dəymişdir. Yəni mopedin sürücüsü onu görüb surətini azlda bilərdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:25 radələrində idarə etdiyi “Moon” markalı mopedlə Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi ilə hərəkətdə olan vaxt Həzi Aslanov küçəsinin kəsişməsinə çatan zaman həmin küçə ilə hərəkətdə olan “Mitsubishi Mirage” markalı, **- XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “yol ver” nişanının tələbini pozaraq yola daxil olmuş, nəticədə onun mopedi bu maşına dəymişdir. Zərbənin təsirindən o, yerə yıxılmış, ayağından xəsarət almışdır. Bununla belə, “Mitsubishi Mirage” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dayanmayın maşını sürüb getmiş, kənarda dayanmış “Həsən” adlı şəxs onun arxasınca qaçaraq nömrəsini almaq istəsə də, sonuncu nömrəsini verməyib çıxıb getmişdir. O, 02 saata yaxın hadisə yerində qalmış, bundan sonra xəstəxanaya müraciət etmişdir. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi ilə M.İbrahimov küçəsinin kəsişməsində baş verib, H.Aslanov küçəsində “2.4 Yol verin”, M.İbrahimov küçəsində isə “2.1 Baş yol” nişanları mövcuddur; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Nəsimi Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 338 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol aşıq-baldır oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında hematoması və sıyrığı bərk küt əşyanın təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 10.10.2017-ci il tarixli, AC seriyalı, 417783 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B,C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • Etibarnamənin surətindən görünür ki, “Mitsubishi Mirage” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r və həmin avtomobili idarə etmək səlahiyyəti xx.xx.2027-ci il tarixədək Şəxs qızına verilib. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə görə üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin Qanunun 75-ci maddəsinin İV hissəsinə görə yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Bu Qanuna 4 saylı Əlavədə «2.1 Baş yol» nişanı üstünlük yol nişanına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 09 (doqquz) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar