Məhkəmə qərarları › İş №3(006)-2185/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2185/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2185/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21142682 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21142682 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 21142682 saylı inzibati tənbeh vermə haqqında qərardan narazıdır və həmin qərarın ləğv edilməsi ilə bağlı ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, o, avtobus zolağında avtomobil idarə etdiyi üçün cərimə edilmişdir. Həmin zaman sərnişin düşürməli olduğundan R.Behbudovla 28 may küçəsinin kəsişməsində zolağdan çıxmaq istəyəndə maşınlar imkan verməmiş, bu səbəbdən də o, maşını sürüb qabaqda zolaqdan dönmüşdür. Bu səbəbdən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21142682 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 20:07-də “CHEVROLET NEXİA CDX” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21142682 saylı qərarına əsasən məlum olur ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 20:07də “CHEVROLET NEXİA CDX” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə gələrək təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qəbul edilmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21142682 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21142682 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar