Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2191/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 221.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə 11 fevral 2025-ci il tarixdə “Devit-3” adlı dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətdən fərqli-baha qiymətə satılması müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X3 tərtib olunmuş protokola uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, Aytəkin Kərimovanın Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olmuş müraciətinin araşdırılması nəticəsində xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən aptekdə Tarif (qiymət) Şurası tərəfindən pərakəndə satış qiymətinin yuxarı həddi 3.61 manat müəyyən edilmiş “Devit-3” (15 ml, damcı) adlı dərman vasitəsinin 9.10 manatdan hesablanaraq satılması faktı müəyyən olunmuşdur. Bununla əlaqədar Şəxs MMC barəsində 17 mart 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2025-ci il 2 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin - qiymətləri barədə olan cədvəlində 3411 nömrəli sıraya diqqət etsək görərik ki, həmin sırada 15 ml flakonluq “DEVİT-3” adlı dərman vasitəsinin yalnız təsiredici maddənin dozası 3333 İU/ml (0,083 mq/mll) olan çeşidi yer almışdır. Hazırda məhkəmədə “DEVİT-3” adlı dərman vasitəsinin yuxarı dozasının mövcud olması və vətəndaşa satılan məhsulun həmin dozada olmasına dair qeyd edilmiş fikirlər hər hanı sübuta əsaslanmır. Qeyd olunanları nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz təqdim edərək ona uyğun izahatında bildirmişdir ki, onların barəsində tərtib olunan protokolla qəti surətdə razı deyillər, onu qanunsuz və əsassız hesab edirlər. Birincisi, hazırki işə maddi hüquqi tərəfindən yanaşdıqda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixdə cəmiyyətlərinə məxsus aptekdə Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən pərakəndə satış qiymətinə uyğun olmayan satışın həyata keçirilməsi ilə bağlı hər hansı bir inzibati xəta hadisəsi olmamışdır. İş materiallarında olan inzibati xətaya dair protokolda əsassız olaraq qeyd olunur ki, ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixdə cəmiyyətlərinə məxsus aptekdə Tarif (qiymət) Şurası tərəfindən pərakəndə satış qiymətinin yuxarı həddi 3.61 manat müəyyən edilmiş “Devit-3” adlı dərman vastəsi 9.10 manata satılmışdır. Aidiyyəti dövlət qurumunun belə əsassız mövqeyə gəlməyə səbəb isə vətəndaş Aytəkin Kərimova tərəfindən xx.xx.2025-ci il tarixli müraciət ilə təqdim edilən kassa çeki olmuşdur. Belə ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2025-ci il 2 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin - qiymətləri barədə olan cədvəlində 3411 nömrəli sıraya diqqət etsək görərik ki, həmin sırada 15 ml flakonluq “DEVİT-3” adlı dərman vasitəsinin yalnız təsiredici maddənin dozası 3333 İU/ml (0,083 mq/mll) olan çeşidi yer almışdır ki, bununla da dövlət tərəfindən yalnız həmin növ məhsul ücün pərakəndə satış qiymətinin yuxarı həddi 3.61 manat müəyyən edilmişdir. Halbuki, həmin növ məhsulun digər ondan yuxarı olan təsiredici dozası mövcuddur ki, həmin məhsulun qiyməti isə dövlət tərəfindən tənzimlənən məhsullar kateqoriyasına aid edilmir. Aptek tərəfindən vətəndaş Aytəkin Kərimovaya satılan isə 15 ml flakonluq “DEVİT-3” adlı dərman vasitəsinin təsiredici maddə dozası 3333 İU/ml (0,083 mq ml) olan növü olmamışdır. İş materiallarına diqqət etdikdə görünür ki, nə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilən və hüquqi əsası olmayan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunda, nə də vətəndaş Aytəkin Kərimovanın satış çekində vətəndaşa satılan məhsulun 15 m. flakonluq “DEVİT-3” adlı dərman vasitəsinin təsiredici maddə dozası məhz 3333 İU/ml (0,083 mq/ml) növlü olmasına dair hər hansı bir məlumat qeyd olunmamışdır. Bu da cəmiyyət barəsində tərtib olunan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun hüquqi əsasının olmamasına, natamam və qeyri-obyektiv olmasına dəlalət edir. Halbuki belə olan halda təqsirsizlik prezumpsiyasından çıxış etsələr bunun əksini sübutetmə yükü məhz inzibati xətaya dair protokol tərtib edən orqanın, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə düşür. İkincisi, hazırki işə prosessual hüquqi tərəfindən yanaşdıqda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sözügedən inzibati xətaya dair protokol tərtib olunarkən baş verən hadisə obyektiv və ətraflı şəkildə araşdırılmamışdır. Belə ki, mövcud hallarda əgər barəsində araşdırma aparılan təşkilat dinlənilməsi üçün aidiyyəti dövlət qurumuna dəvət edilirsə, mövcud halların obyektiv surətdə qiymətləndirilməsi üçün hadisə barədə müraciət edən vətəndaş da həmin dövlət qurumuna dəvət olunmalıdır. Hazırki iş materiallarında isə belə bir obyektiv araşdırmanı aparmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu bir daha ona dəlalət edir ki, tərtib olunan inzibati xəta haqqında protokol obyektiv araşdırmanın nəticəsi deyildir. Üçüncüsü, işə digər prosessual hüquqi tərəfdən yanaşdıqda isə məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərtib etdiyi inzibati xətaya dair protokolun qeyri-obyektiv və əsassız olmasına dəlalət edən digər bir hal da həmin qurumun cəmiyyətimizə ünvanladığı xx.xx.2025-ci il tarixli, AİBNDA/g-6/2025 saylı məcburi göstərişində büruzə verilir. Belə ki, həmin göstərişlə hələ mövcud hadisəyə inzibati xəta olub-olmamasına dair məhkəmə tərəfindən yekun olaraq hüquqi münasibət bildirilmədən cəmiyyətlərindən ünvan 2 ünvanında fəaliyyət göstərən aptekdə dərman vasitələrinin qiymətlərinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərə uyğunlaşdırılması tələb olunur. Məsələyə də bu məntiqlə yanaşılsa, o zaman belə absurd bir mənzərə ortaya çıxır ki, aptek tərəfindən “hüquq pozuntusunun” törədilməsi artıq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən öz hüquqi təsdiqini tapmışdır. Eləcə də həmin göstərişin 2-ci bəndində tələb olunur ki, Şəxs MMC-nin rəhbərliyinə tapşırılsın ki, qanun pozuntusu hallarına gələcəkdə təkrar yol verilməsinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görsün. Məsələyə digər bir məntiqlə yanaşılsa, o zaman yenə belə absurd bir mənzərə ortaya çıxır ki, aptek tərəfindən “hüquq pozuntusunun” törədilməsi artıq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən öz hüquqi təsdiqini tapmışdır ki, onun təkrar yol verilməsinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görülməsi cəmiyyətimizdən tələb olunur. Bundan əlavə prosessual pozuntunun kulminasiya nöqtəsi isə ondan ibarətdir ki, göstərişin 5-ci bəndində həmin göstərişdən 10 gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət verilmə hüququmuz göstərilsə də, 1-ci bənddəki tələbin icrası üçün isə qurum tərəfindən 5 gün müddət müəyyən olunmuşdur. Həmin müddətin də qoyulması hesab edirik ki, avtomatik olaraq qanunvericiliklə cəmiyyətlərinə verilən şikayət hüququnun məhdudlaşdırılması anlamına gəlir. Bu isə kobu surətdə qanunvericiliyin pozulmasından başqa bir hal deyildir. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən cəmiyyətimizin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinin tövsif dairəsinə düşən inzibati xəta hadisəsinin və ya onun hər hansı bir tərkibinin mövcud olmaması bir daha ona dəlalət edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinin tələbi üzrə məhkəmə tərəfindən həmin Məcəllənin 105.1-ci maddəsi rəhbər tutularaq Şəxs MMC barəsində aparılan inzibati xətava dair icraata mütləq qaydada xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında islər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eləcə də Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir. Eləcə də Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında isin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - X1 müraciət vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Aptek 211, obyektin kodu **********-14121 olan aptekdən “devit 3” 15 ml oral dərman almışdır, qiyməti 9,10 qəpik qeyd olunmuşdur. Lakin tarif şurasının dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri haqqında cədvəldə qiymət 3 manat 61 qəpik qeyd olunmuşdur. Hüquqların pozulması və dərman qiymətinin süni artımı ilə əlaqədar qeyd olunan məsələnin araşdırılmasını xahiş edir. 11 fevral 2025-ci il tarixli 70057 nömrəli satış çekindən görünür ki, “Devid 3” 15 ml oral dərman vasitəsinin 1 ədədi üzrə satış qiyməti 9 manat 10 qəpik göstərilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri”nin Siyahısından görünür ki, “Devit 3” Flakon 15 ml, 3333 İU/ml (0,083 mq/ml) adlı (istehsalçı şirkət və ölkə -Deva Holdinq, Türkiyə) dərman vasitəsinin (№3411) pərakəndə satış qiyməti 3.61 manat müəyyən olunmuşdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə proses iştirakçılarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 4.5-ci maddəsinə əsasən, dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Həmin Qanunun 4.6-cı maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4.7-ci maddəsinə əsasən, Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2191/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2191/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver