Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2193/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 14 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində dərc etdirməmiş və bununla da, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, ******* saylı protokol qanunsuz və əsassızdır. Belə ki, müəssisənin 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində (https://gig.az/az/about.html) dərc edilmiş, Auditorlar Palatasının rəsmi internet səhifəsində (https://audit.gov.az/Az/page/1618) elan edilmiş və kağız daşıyıcıda Maliyyə Nazirliyinə təqdim edilmişdir. Protokolla bağlı onlara Maliyyə nazirliyi tərəfindən bildiriş daxil olduqda, xx.xx.2025-ci il tarixli, 03/202503 saylı məktubla bir daha məlumat verilmişdir. Hətta əlaqə saxladıqda da nazirlikdən bildirilmişdir ki, məktubu alıblar, hər şey qaydasındadır. Lakin sonradan onlara məlum olmayan səbəbdən protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Bu barədə yenidən əlaqə saxlanıldıqda maliyyə nazirliyinin əməkdaşı texniki səhvlik olduğunu bildirmişdir. Göründüyü kimi tərəflərindən müvafiq qaydalara riayət olunmuş, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib edilərək audit yoxlamasından keçirilmiş, öz internet səhifələrində yerləşdirilmişdir. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «Azərbaycan Elm Fondu» X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş 14 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində dərc etdirilməmişdir. Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2024-cü ildə audit rəyi ilə birlikdə Şəxs MMC-nin rəsmi internet səhifəsində dərc edilmişdir. 462.1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbuat orqanında dərc olunması tələb olunur; 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2024-cü ildə audit rəyi ilə birlikdə Şəxs MMC-nin rəsmi internet səhifəsində dərc edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun müqabilində malların idxal edilməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 462.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1ci maddəsi ilə tərtib edilmiş 14 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2193/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2193/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver