Məhkəmə qərarları › İş №3(006)-2198/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2198/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2198/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin rəisi polis mayoru X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 09:30-da X7 stansiyasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin rəisi polis mayoru X4 verdiyi izahatında bildirdi ki, 04 iyun 2024-cü il tarixdə, saat 09:30-da X7 stansiyasında Bakı Metropolitenində Polis İdarəsinin rəisi polis polkovnik-leytenantı X1 Dilqəm Elman oğlunu saxlayaraq ondan adını, soyadını soruşmuş, ata adını soruşanda isə ona əli ilə işarə edərək get işinlə məşğul ol deyib nəzarət buraxılış yerindən keçmiş, getmək istəyəndə ona yaxınlaşmış polis əməkdaşının tələblərinə qəsdən tabe olmayaraq xoşagəlməz ifadələr işlətmişdir. Polis əməkdaşı ondan dayanmasını tələb etmiş, lakin ona tabesizlik göstərdiyi üçün Şəxs saxlanılaraq polis otağına gətirilmişdir. Polis otağında Şəxs izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Metropolitenində Polis İdarəsinin rəisi polis polkovnik-leytenantı X5 verdiyi izahatında bildirdi ki, Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 09:30-da X7 stansiyasında Şəxs saxlayaraq ondan adını, soyadını soruşmuş, ata adını soruşanda isə əli ilə işarə edərək get işinlə məşğul ol deyib keçib getmək istəyəndə onu saxlamışdır. Ondan dayanmasını tələb etmiş, lakin o tabesizlik göstərərək, qəsdən tabe olmayaraq xoşagəlməz ifadələr işlətmişdir. Daha sonra Şəxs saxlanılaraq polis otağına gətirilmiş, barəsində raport tərtib etmiş, izahatı alınmışdır. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, o, səhər işə gedən zaman Memar Əcəmi stansiyasına daxil olmuş, girişdə polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməsini tələb etmiş, o isə “mən terroristə oxşayıram?” deyə cavab verərək, ad soyadını demişdir. Daha sonra ondan ata adını deməsini tələb etmiş və o da ata adını demiş və keçmişdir. Bundan sonra polis əməkdaşları onun arxasınca gələrək onun qolundan tutmuşdur. Bu zaman aralarında mübahisə baş vermiş və onlara qarşı əl-qol hərəkətləri etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzünə bibər qazı vurulmuş, bundan sonra digər polis əməkdaşı gəlmiş və onu Bakı Metropolitenində Polis İdarəsinin polis otağına aparmışlar. Polis otağında onun izahatı alınmış və barəsində inzbati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Metropolitenində Polis İdarəsinin manqa komandiri baş serjant X6 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 29 04 iyun 2024-cü il tarixdə, saat 09:30 radələrində xidmətdə olarkən polis serjantı İlkin Abbasov vətəndaşdan özünü təqdim etməsini tələb etmiş, vətəndaş isə ad və soyadını bildirsə də ata adını bildirmədən əl-qol hərəkətləri edərək “get işinlə məşğul ol” deməklə nəzarət buraxılış yerindən keçmiş, getmək istəyərkən saxlanılmışdır. Bu zaman o, polis əməkdaşlarına əl-qol hərəkətləri edərək “kişisən formanı soyun söhbət edək” deyə ifadə işlədib, nalayiq söyüşlər söymüşdür. O dərhal Şəxs yaxınlaşaraq sonuncunu ictimai qaydanı pozmamağa dəvət etmişdir. Lakin Şəxs ona müqavimət göstərməyə və əl-qol hərəkətləri ilə tabesizlik göstərməyə başlamışdır. Bundan sonra Şəxs Bakı Metropolitenində Polis İdarəsinin polis otağına aparmışlar və izahatı alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin rəisi polis mayoru X4 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə materiallarında olan 04 iyun 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 iyun 2024-cü il tarixdə, saat 10:30 radələrində inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar