Məhkəmə qərarları › İş №3(006)-2201/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2201/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2201/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2024cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinin tələbini pozması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 23 aprel 2024cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Barəsində olan protokolun tərtib edildiyi ərazidə quraşdırılan 5.15 nişanı müvafiq nişanlanma xətləri ilə birlikdə tətbiq edilmiş və uyğun olaraq parklanma yerinin başlanğıcı və sonu göstərilmişdir. Beləliklə, onun avtomobili saxladığı yer 5.15 nişanının təsiri zonası deyil, yəni parklanma yeri sayılmır. Eyni ərazidə daha əvvəllər də barəsində 07 ədəd protokol tərtib olunmuşdur. O, protokollardan aidiyyəti üzrə şikayət ünvanlandıqdan sonra aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 126.2 və 135.1.5-1-ci maddələrinə əsasən başlanmış icraata xitam verilmişdir. Bütün bunlar da tərtib olunmuş protokolun əsassız olduğunu bir daha sübut edir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X7 məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək göstərdi ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə AYNAnın 23 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. 1. X2 barəsində inzibati xəta törətmədiyini və təqsirsiz olduğunu qeyd etmişdir. X1 idarə etdiyi “FORD FOCUS” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 09:37:55-dən 10:01:14-dək Süleyman Rəhimov küçəsindəki 10470 nömrəli parklanma yerində parklanması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. “Yol hərəkəti haqqında" Qanununun 1-ci maddəsinin 32-ci hissəsinə əsasən parklanma - nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. Həmin maddənin 32-1ci hissəsinə əsasən parklanma yeri - yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. Həmin Qanunun 53-cü maddəsinin 16-cı hissəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. 2. Bildiririk ki, X4 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 23 aprel 2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar X6 sədr müavini tərəfindən qəbul edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNA-nın AYNA-ya qoşulması və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsini ehtiva edir. Qeyd edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” qoşulma yolu ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” olmuş və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkilini həyata keçirilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Müki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Beləliklə qeyd edirik ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin hüquqi varisidir.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X4 şikayəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma yerlərində Agentlik tərəfindən istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəqəsinin nömrəsi, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; həmçinin parklanma yerlərindən istifadə qaydalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəqəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir. Belə ki, sürücülərin rahatlığını təmin etmək məqsədilə həm sms, həm mobil tətbiq vasitəsi ilə, həm də ödəmə terminalı vasitəsi ilə (balansin artırılması) ödəniş üsulları mövcuddur. İXM-nin 346-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Şikayətçinin qeyd etdiyi kimi nəqliyyat vasitəsini saxladığı ərazinin parklanma yeri sayılmaması ilə bağlı bildiririk ki, parklanma məntəqələrində müvafiq yol nişanları ilə birlikdə məlumat lövhəsi də quraşdırılır ki, həmin məlumat lövhəsində parklanma və ödəniş barədə məlumatlar ətraflı əks olunur. Bir qayda olaraq, yol sahələrində quraşdırılmış məlumatverici 5.15 “Duracaq yeri” və digər müvafiq yol nişanları, yola bitişik ərazilərdən yola çıxış yerlərində qüvvəsini itirmir və həmin nişanlaradək əraziyə də şamil olunur. Əlavə olaraq qeyd edirik ki, ərazidə quraşdırılmış məlumat lövhəsində hər bir parklanma məntəqəsinin nömrəsi qeyd olunur və parklanma əməliyyatı zamanı nəqliyyat vasitəsinin faktiki mövcud olduğu parklanma məntəqəsinin seçilməsi vacibdir. Eləcə də, nəqliyyat vasitəsinin markası və dövlət qeydiyyat nişanı barədə məlumatlar “1181” və ya tətbiqə daxil edilərkən yanlışlığa yol verilməməlidir. Əks halda nəqliyyat vasitəsinin parklanma məntəqəsindən ödəniş edilmədən istifadə edilməsi kimi qeydə alınır. Şikayətçinin müraciəti araşdırılarkən müvafiq foto görüntülərə və digər məlumatlara baxılmış və inzibati xəta hadisəsinin mövcudluğu təsdiqini tapmışdır. Belə ki, P10470 nömrəli parklanma yerlərində əməkdaşları tərəfindən aparılan müayinələr zamanı, mövcud 5.15 “Duracaq yeri” məlumatverici nişanların, nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulunu müəyyən edən 7.6.1 və “Pullu xidmətlər” əlavə məlumat-7.8 nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, yolun sağ tərəfində dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirildiyi, habelə parklanma yerinin müvafiq nişanlama xətləri ilə işarələndiyi məlum olmuşdur. F.F.Mirzəyev tərəfindən şikayət verilmə müddəti ötürülmüşdür. 23 aprel 2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar F.F.Mirzəyevə 23 aprel 2024-cü il tarixində SMS vasitəsilə çatdırılsa da, o həmin qərardan iyun ayında şikayət vermişdir. Qeyd edirik ki, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 57.6-cı maddəsinə əsasən isə həmin Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan, nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda), “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda), Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) da rəsmi qaydada verilmiş hesab olunur. Göstərilənləri və Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununu 10.5-ci, İnzibati Xətalar Məcəlləsinin 99, 121.1 və 346-1.1-ci maddələrini, Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2023-cü il 2109 nömrəli və 13 mart 2024-cü il 20 nömrəli Fərmanlarını nəzərə alaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 23 aprel 2024-cü il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2201/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün X4 tərəfindən verilmiş prossesual müddətin bərpasına dair ərizə təmin edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2024-cü il tarixdə, saat 10:01:32-də Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10:01:32-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən və ona əlavə edilmiş şəkillərdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10:01:32-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin İV hissəsinə görə parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Bu normanın məzmunundan belə nəticəyə gəlinir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində quraşdırılmış 5.15 “Duracaq yeri” yol nişanının təsiri müvafiq nişanlama xətlərinin sonuna kimi, yəni sol tərəfə döngə olduğundan adacıq müəyyən edilən yerə kimidir. Bu döngədən sonra adacıq müəyyən edildiyindən orada yenidən 5.15 “Duracaq yeri” yol nişanı və parklanma üsulu ilə bağlı əlavə məlumat nişanları (7.6.1-7.6.9) quraşdırılmalı idi. Hazırki işin hallarından isə görünür ki, bu nişanlar orada olmamışdır. Belə olan halda da şəxsin İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi düzgün olmamışdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar