Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2202/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X1 Qərarından şikayət verilən orqan: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinin tələbini pozması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 05 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Barəsində olan protokolun tərtib edildiyi ərazidə quraşdırılan 5.15 nişanı müvafiq nişanlanma xətləri ilə birlikdə tətbiq edilmiş və uyğun olaraq parklanma yerinin başlanğıcı və sonu göstərilmişdir. Beləliklə, onun avtomobili saxladığı yer 5.15 nişanının təsiri zonası deyil, yəni parklanma yeri sayılmır. Eyni ərazidə daha əvvəllər də barəsində 07 ədəd protokol tərtib olunmuşdur. O, protokollardan aidiyyəti üzrə şikayət ünvanlandıqdan sonra aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 126.2 və 135.1.5-1-ci maddələrinə əsasən başlanmış icraata xitam verilmişdir. Bütün bunlar da tərtib olunmuş protokolun əsassız olduğunu bir daha sübut edir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X2 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə bildirdi ki, 2024-cü ilin müxtəlif tarixlərində “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Süleyman Rəhimov, Şamil Əzizbəyov və Füzuli küçələrində müvafiq yol nişanları quraşdırılmaqla təşkil edilmiş P10525, P10470 və P90217 nömrəli ödənişli parklanma yerlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə Agentlik tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən AYN 0306423, AYN 0297144, AYN 0263620, AYN 0176092, AYN ******* və AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Parklanma məntəqələrində avtomobilin parklanması “1181” qısa nömrə və ya “Azparking” mobil tətbiq üzərindən həyata keçirilir. Nəqliyyat vasitəsi ödənişli parklanma yerinə daxil olan zaman, real vaxt rejimində “1181” qısa nömrəsinə avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yeri qeyd edilərək sms göndərilir. Parklanma başa çatdıqdan sonra “Son” yazılaraq sözügedən qısa nömrəsinə təkrar sms göndərilir. “Azparking” mobil tətbiqdə parklanma ödənişini etmək üçün ilk olaraq məntəqə seçilərək avtomobilin park edilməsinə start verilir. Parklanma müddəti başa çatdıqdan sonra tətbiqdə “Dayandır” və Ödədüyməsi sıxılaraq ödəniş olunur. Parklanmaya görə müəyyən edilmiş ödəniş qaydalara uyğun olaraq bilavasitə parklanma məntəqəsini tərk edərkən həyata keçirilməlidir. Bununla yanaşı, parklanma məntəqələrində müvafiq yol nişanları ilə birlikdə məlumat lövhəsi də quraşdırılır ki, həmin məlumat lövhəsində parklanma və ödəniş barədə məlumatlar ətraflı əks olunur. Bir qayda olaraq, yol sahələrində quraşdırılmış məlumatverici 5.15 “Duracaq yeri” və digər müvafiq yol nişanları, yola bitişik ərazilərdən yola çıxış yerlərində qüvvəsini itirmiş və həmin nişanlaradək əraziyə də şamil olunur. Ərazidə quraşdırılmış məlumat lövhəsində hər bir parklanma məntəqəsinin nömrəsi qeyd olunur və parklanma əməliyyatı zamanı nəqliyyat vasitəsinin faktiki mövcud olduğu parklanma məntəqəsinin seçilməsi vacibdir. Eləcə də, nəqliyyat vasitəsinin markası və dövlət qeydiyyat nişanı barədə məlumatlar “1181” və ya tətbiqə daxil edilərkən yanlışlığa yol verilməməlidir. Əks halda nəqliyyat vasitəsinin parklanma məntəqəsindən ödəniş edilmədən istifadə edilməsi kimi qeydə alınır. Bu səbəbdən ödənişli parklanma məntəqələrindən istifadə qaydalarına əməl etməyiniz tövsiyə olunur. X1 müraciəti araşdırılarkən müvafiq foto görüntülərə və digər məlumatlara baxılmış və inzibati xəta hadisəsinin mövcudluğu təsdiqini tapmışdır. Belə ki, P10525, P10470 və P90217 nömrəli parklanma yerlərində Agentliyin əməkdaşları tərəfindən aparılan müayinələr zamanı mövcud 5.15 Duracaq yeri məlumatverici nişanların, nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulunu müəyyən edən 7.6.1 və 7.8 “Pullu xidmətlər” əlavə məlumat nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə yolun sağ tərəfində dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirildiyi, habelə parklanma yerinin müvafiq nişanlama xətləri ilə işarələndiyi məlum olmuşdur. Nəticədə qəbul edilmiş qərarların ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı bir əsas müəyyən olunmamışdır. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: • Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2024-cü il tarixdə, saat 15:05:43-də Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir; • Fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:05:43də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən və ona əlavə edilmiş şəkillərdə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:05:43-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin İV hissəsinə görə parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir Bu normanın məzmunundan belə nəticəyə gəlinir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində quraşdırılmış 5.15 “Duracaq yeri” yol nişanının təsiri müvafiq nişanlama xətlərinin sonuna kimi, yəni sol tərəfə döngə olduğundan adacıq müəyyən edilən yerə kimidir. Bu döngədən sonra adacıq müəyyən edildiyindən orada yenidən 5.15 “Duracaq yeri” yol nişanı və parklanma üsulu ilə bağlı əlavə məlumat nişanları (7.6.1-7.6.9) quraşdırılmalı idi. Hazırki işin hallarından isə görünür ki, bu nişanlar orada olmamışdır. Belə olan halda da şəxsin İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi düzgün olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2202/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2202/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver