Məhkəmə qərarları › İş №3(006)-2203/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2203/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2203/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinin tələbini pozması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 05 aprel 2024cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Barəsində olan protokolun tərtib edildiyi ərazidə quraşdırılan 5.15 nişanı müvafiq nişanlanma xətləri ilə birlikdə tətbiq edilmiş və uyğun olaraq parklanma yerinin başlanğıcı və sonu göstərilmişdir. Beləliklə, onun avtomobili saxladığı yer 5.15 nişanının təsiri zonası deyil, yəni parklanma yeri sayılmır. Eyni ərazidə daha əvvəllər də barəsində 07 ədəd protokol tərtib olunmuşdur. O, protokollardan aidiyyəti üzrə şikayət ünvanlandıqdan sonra aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 126.2 və 135.1.5-1-ci maddələrinə əsasən başlanmış icraata xitam verilmişdir. Bütün bunlar da tərtib olunmuş protokolun əsassız olduğunu bir daha sübut edir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək göstərdi ki, X3 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə AYNA-nın 19 aprel 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. 1. Belə ki, X3 idarə etdiyi “Ford Focus MİNİK” markalı, **- UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin 19 aprel 2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən 10470 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş etməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 1ci maddəsinin 32-hissəsinə əsasən parklanma - nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. Həmin maddənin 32-1 -ci hissəsinə əsasən parklanma yeri - yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. Həmin Qanunun 53-cü maddəsinin 16-cı hissəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Həmin maddənin 21-ci hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin 16-cı hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. AYNA-nın 19 aprel 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildən açıq-aydın görünür ki, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil 10470 saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parlanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. Qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 10:17:26-da sonuncu isə saat 11:00:03-də qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və N/V istifadəçisi parklanma müddətini başlatmayaraq, ödəniş etməmişdir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346-1.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 346-1.1 -ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99.1.1 -ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyjjlə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəbdir. Beləliklə hesab edirik ki, AYNA-nın 19 aprel 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X1 şikayətləri əsassızdır və təmin edilməməlidir. 2. Bildiririk ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra-AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” (bundan sonra-BNA) publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyafNazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak AYNA-nın balansına verilmişdir. Qeyd edirik ki, AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNA- nın AYNA-ya birləşdirilməsi və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsinə ehtiva edir. Həmçinin Azərbaycan Respublikasının Müki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 29 iyul tarixli 2258 nömrəli Fərmanı ilə təsdıq edilmiş “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydasının 1.3-cü bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına yığılır. Analoji iş üzrə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə AYNA tərəfindən qəbul edilmiş qərar həm Səbail Rayon Məhkəməsinin 3(009)-305/2021 saylı 16 fevral 2024-cü il tarixli Qərarı ilə, həm də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli (hakim Ziya Şirinov) Qərarı ilə qüvvədə saxlanılmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 3(103)-711/2024 nömrəli 15 aprel 2024 -cü il tarixli (hakim Emin Mehdiyev) Qərarı ilə AYNA-nın AYN0163366 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. 3. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət avtomobil yollarında parklanma yerləri Bakı şəhərinin inzibati ərazisində AYNA tərəfindən müəyyən olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən Bakı şəhərinin inzibati ərazisində AYNA ilə razılaşdırılmaqla təşkil edilir. Həmin maddənin 19-cu hissəsinə əsasən bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi Bakı şəhərinin inzibati ərazisində AYNA-nın ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı AYNA-nın ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər. Həmin maddənin 25-ci hissəsinə əsasən parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərə əməl olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 nömrəli 22 noyabr 1998-ci il tarixli Fərmanın 2.31-1 -ci yarımbəndinə əsəsən BakLŞphərinin inzibati ərazisində AYNA tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası İXM-nin 99, 124.6 və 346-1.1-ci maddələrini, “Yol hərəkəti haqqında” Qanununun 53-cü maddəsini, Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 nömrəli 22 noyabr 1998-ci il tarixli Fərmanın və Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanını, Səbail Rayon Məhkəməsinin 3(009)-305/2021 saylı 16 fevral 2024-cü il tarixli Qərarını, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli və 3(103)-711/2024 nömrəli 15 aprel 2024 -cü il tarixli Qərarlarını nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 11:00:33-də Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11:00:33-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən və ona əlavə edilmiş şəkillərdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11:00:33-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin İV hissəsinə görə parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Bu normanın məzmunundan belə nəticəyə gəlinir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində quraşdırılmış 5.15 “Duracaq yeri” yol nişanının təsiri müvafiq nişanlama xətlərinin sonuna kimi, yəni sol tərəfə döngə olduğundan adacıq müəyyən edilən yerə kimidir. Bu döngədən sonra adacıq müəyyən edildiyindən orada yenidən 5.15 “Duracaq yeri” yol nişanı və parklanma üsulu ilə bağlı əlavə məlumat nişanları (7.6.1-7.6.9) quraşdırılmalı idi. Hazırki işin hallarından isə görünür ki, bu nişanlar orada olmamışdır. Belə olan halda da şəxsin İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi düzgün olmamışdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar