Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2206/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə xx.xx.1985-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat təxminən 03:00 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 1D ünvanında yerləşən nəzarət otağından Zərərçəkmiş şəxs məxsus “Xiaomi Redmi 6A” markalı mobil telefonu gizli olaraq talayıb ələ keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 03:00 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 1D ünvanda – 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən nəzarət otağına yaxınlaşmış və içəridə heç kimin olmamasından istifadə edərək içəriyə daxil olmuşdur. Həmin vaxt otaqda olan “Xiaomi Redmi 6A” markalı mobil telefonu götürüb dərhal oradan uzaqlaşmışdır. Həmin telefonu xx.xx.2020-ci il tarixdə “20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsə 70 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda maddi imkanı olmadığı üçün dəymiş ziyanı tam olaraq ödəyə bilmir. Törətdiyi əməldən səmimi peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi X3 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, işlədiyi Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 1D saylı ünvanda yerləşən nəzarət otağından özünə məxsus olan “Xiaomi Redmi 6A” markalı mobil telefonunun oğurlandığını bildirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 350 manat ziyan dəymişdir. Faktla bağlı təhqiqat aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin təhqiqatçısı Rəşad İmanverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığındancinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilən inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il, saat 18:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №3(006)-2206/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2206/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver