Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2217/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Dəvəçi, Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Şabran rayonu, Əmirxanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 22 avqust 2021-ci il tarixdə, saat 09:00 radələrində Nəsimi rayonu, “Park 20” ticarət mərkəzinin qarşısında polisin qanuni tələbinə qəsdən məhəl qoymamışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2217/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmiş, həmin qərardan barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2086/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli Qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2217/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, 22 avqust 2021-ci il tarixdə, saat 08:00-09:00 radələrində 20 yanvar metrosunun yaxınlığında dostundan pul götürməyə gəlmişdir. Avtomobilini saxlamaq istəyərkən polis əməkdaşı ona yaxınlaşıb avtomobilini çəkməsini, tıxac yaratdığını bildirmişdir. O, avtomobilini çıxarmaq istəyəndə arxasında başqa avtomobil olmuş və həmin avtomobilin çıxmasını gözləmişdir. Bu zaman polis əməkdaşı gələrək avtomobilinə yumruqla vurmağa başlamış, söyüş söymüş, daha sonra onu zorla maşından düşürmüş, telefonunu əlindən almış, döyərək polis maşınına mindirib bölməyə aparmışlar. Güclü ağrıları olmadığından xəstəxanaya getməmiş, lakin bu zorakılıqla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Göstərilən halları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan 22 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 avqust 2021-ci il tarixdə saat 09:00 radələrində Nəsimi rayonu, “Park 20” ticarət mərkəzinin qarşısında polisin qanuni tələbinə qəsdən məhəl qoymamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Şəxs 22 avqust 2021-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında 22 avqust 2021-ci il tarixdə 20 yanvar metrosu yaxınlığında yolda yaranan tıxac səbəbindən idarə etdiyi “Mercedes” markalı, **-NR-*** qeydiyyat nömrə nişanlı avtomobilini saxlayası olmuşdur. Polis əməkdaşı ona yaxınlaşıb hərəkətə davam etməsini bildirmişdir. Maşınının arxasında maşın olduğundan onun çıxmasını gözləyərək geriyə hərəkət edib sola dönüş eləmək istəyərkən polis əməkdaşı yaxınlaşaraq maşını yumruqlayaraq ona nalayiq sözlər işlətmişdir. Sonra isə maşında ona əl-qol ataraq zərbələr endirə-endirə 20-ci polis bölməsinə dəvət etmişlər. İş materiallarında olan arayışda hadisə yerində xidmət aparan PPX-nın əməkdaşlarının Şəxs yaxınlaşaraq tıxacın yaranması səbəbi ilə ona iradlarını bildirdikdə, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq ictimai yerdə hörmətsizlik edərək polis əməkdaşlarına tabesizlik göstərdiyi və onlarla kobud danışdığı göstərilmişdir ki, qeyd olunan raportun məzmunundan Şəxs polis işçisinin hansı qanuni tələblərinə qəsdən tabe olmamaqda ifadə olunan hərəkətlərinin nədə ifadə olunmasını müəyyən etmək mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2217/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2217/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver