Məhkəmə qərarları › İş №3(006)-2219/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2219/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2219/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsi X4 iştirakları ilə, X2 X3 Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 X3 Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə “THE REGALO” restoranının təsisçisi olaraq barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola əsasən ünvan 1 ünvanında yerləşən “THE REGALO” restoranının qarşısında müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan nişanlama xətləri və əlavə texniki vasitədən istifadə etməsi aşkar edildiyi və buna görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli Qərar qəbul etmişdir. Təsisçisi və sahibi olduğu ünvan 1 ünvanında yerləşən “REGALO” restoranının qarşısında müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan nişanlanma xətləri və əlavə texniki vasitələrdən istifadə edilməsi aşkarlandığı iddia olunur. Ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.2-ci maddəsi tədbiq edilərək 2000 (iki min) manat məbləğində inzibati tənbeh təyin edilmişdir. Bir sözlə guya onların tərəfindən qanunsuz olaraq nizamlanma xətlərinin çəkildiyi iddia olunur. Halbuki, onun tərəfindən dövlətin çəkdiyi yola heç bir müdaxilə olunmamış, özü tərəfindən obyektin qarşısında olan boş və çala-çuxurlu torpaq sahəsində təmir işləri aparmış, öz vəsaiti ilə asfalt döşəmiş və yolda heç bir nizamlanma xətti çəkilməmişdir. O şəhid qardaşıdır, qardaşı polkovnik X6 aprel şəhididir. Bir şəhid ailəsinin üzvü olaraq, şəhid qardaşının 3 azyaşlı övladını, qoca, xəstə valideynlərini və ailəsinə dolandırmaq məqsədilə ona dövlətin sayəsində verilmiş həmin obyektin qarşısını abadlaşdırmış, yolu keçən piyadalara və müştərilərin rahat istifadələrinə şərait yaratmışdır. Ona heç bir vaxt vermədən, xəbərdarlıq etmədən cərimə olunmağı əsaassız və qanunsuzdur. Bundan əlavə, o, fiziki şəxsdir, adına verilmiş ********** saylı VÖEN-lə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin olduğu yer üzrə uçota alınma haqqında arayışla da təsdiqlənir. O, fiziki şəxs ola-ola, ona hüquqi şəxs olaraq cərimə edilməyi də əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan tətbiq olunmasına görə-fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, fiziki şəxs otuz manatdan əlli manatadək cərimələnə bilər, lakin o əsassız olaraq hüquqi şəxs kimi 2000 manat cərimələnmişdir. Bir də, göstərilən maddənin tələblərində açıq-aşkar görünür ki, avtomobil yollarından söhbət gedir, hazırki halda avtomobil yolunda tərəfindən heç bir müdaxilə olunmamışdır. Ona görə də, hesab edir ki, Azərbaycan X3 Bakı Regional İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli Qərarı əsassız olduğu üçün ləğv edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətləri daşıyan əməl (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzinbati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsrsizliyi sübut etməyə borclu deyil. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş çəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. AR İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qərarın surəti xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. Odur ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verib əlavə olaraq həmin yerin yol hərəkəti istiqamətində olmadığını, onun həmin yeri zəbt etmək fikrinin olmadığını, inzibati xəta haqqında protokola imza çəkmədiyini bildirərək barəsində qəbul edilmiş 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış qurumun nümayəndəsi X7 izahatında bildirmişdir ki, inzibati cərimə tətbiq edilərkən AYNAnın əməkdaşları tərfindən İXM-nin maddəsi düzgün tətbiq edilsə də, cərimə məbləğinin düzgün tətbiq olunmadığını və məhkəmə tərəfindən həmin cərimənin düzgün təbiq olunmasına etiraz etmədiyini, lakin şikayətin digər hissədə təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X3 Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən 18 fevral 2025-ci il tarixdə Mrdanov Qardaşları ev 147, 149 ünvanında yerləşən “The Regalo” restoranının qarşısında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı qərarı olmadan nişanlanma xətləri və əlavə texniki vasitədən istifadə etməsi aşkar edildiyinə görə 2000 manat cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərar və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X5 tərəfindən 18 fevral 2025-ci il tarixdə Mrdanov Qardaşları ev 147, 149 ünvanında yerləşən “The Regalo” restoranının qarşısında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı qərarı olmadan nişanlanma xətləri və əlavə texniki vasitədən istifadə etməsi aşkar edildiyinə görə 2000 manat cərimə edilmişdir. Halbuki, şikayətçi onun tərəfindən dövlətin çəkdiyi yola heç bir müdaxilə olunmadığını, özü tərəfindən obyektin qarşısında olan boş və çala-çuxurlu torpaq sahəsində təmir işləri apardığını, öz vəsaiti ilə asfalt döşədiyini və yolda heç bir nizamlanma xətti çəkilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əməlində inzibati tərkibi olub-olmaması dəqiq müəyyən edilməmişdir. Bundan əlavə İXM-nin 350.2-ci maddəsində hüquqi şəxslərin əməlində inzibati xəta tərkibi müəyyən edildiyi təqdirdə 2000 (iki min) manat cərimə tətbiq olunması nəzərdə tutulmuşdur, lakin X5 hüquqi şəxs olmadığından cərimənin onun barəsində düzgün müəyyən edilməməsi aşkar edilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 350.2-ci maddəsinə əsasən Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan tətbiq olunmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 350.2-ci maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən X3 Bakı Regional İdarəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 Bakı Regional İdarəsi tərəfindən X5 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman əməlində inzibati xəta tərkibi olub-olmaması kifayət qədər araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Azərbaycan X3 Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan X3 Bakı Regional İdarəsi tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün X3 Bakı Regional İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar