Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2222/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 və vəkili X3 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 mənzil 126, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı ünvanda müvafiq icazə olmadan körpüüstü reklam qurğusunun üzərində açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, Agentliyin əməkdaşları tərəfindən Şəxs MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı ünvanda körpü üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilmişdir. Reklam lövhəsinin ölçüsü 1 kv.m-dən böyük idi. Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və məlumat üçün Şəxs MMC-yə də göndərilmişdir. Eyni zamanda bu faktı təsdiq edən fotoşəkillər də mövcuddur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X6 izahatında göstərdi ki, cəmiyyət Bakı şəhərinin müxtəlif yerlərində reklam lövhələri yerləşdirərək reklam fəaliyyəti ilə məşğul olur. Bununla bağlı Dövlət Reklam Agentliyindən əvvəllər müvafiq icazələr almışdır. Bu ilin may ayının 1-dən şirkətə müxtəlif ünvanlarda, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı ünvanda yerləşən körpünün üzərində reklam qurğusu yerləşdirməklə reklam yayımının xx.xx.2020-ci il tarixədək həyata keçirilməsinə icazə verilmişdir. Həmin müddət bitdikdən sonra yenidən Dövlət Reklam Agentliyinə müraciət olunaraq verilmiş icazələrin müddətinin uzadılması xahiş olunmuşdur. Lakin Agentliyin xx.xx.2020-ci il tarixli qərarı ilə bundan imtina olunmuşdur. Şirkət də həmin və digər ünvanlarda yerləşdirilən reklam qurğularında reklam yayımını dayandırmış, eyni zamanda Agentliyin qeyd olunan qərarını inzibati məhkəmədə mübahisələndirmiş, həmçinin MMC-yə məxsus körpüüstü reklam qurğularının sökülməsinin Dövlət Reklam Agentliyinə qadağan olunması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərar qəbul edilməsini xahiş etmişlər. MMCnin bu ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə rədd olunsa da, verilmiş şikayət əsasında ərizə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmuş, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi, 27b saylı və sair ünvanlarda olan körpüüstü reklamların sökülməsi ilə bağlı hərəkətlərin edilməsi Dövlət Reklam Agentliyinə qadağan edilmişdir. Düşünülür ki, Şəxs MMC Dövlət Reklam Agentliyinin xx.xx.2020-ci il tarixli “Açıq məkanda yerləşdirilməsinə icazənin verilməsindən imtina olunması barədə” qərarından məhkəməyə şikayət verdiyi üçün şirkət barəsində belə qərəzli mövqe tutulmuş, əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Çünki, MMC həmin qərardan sonra heç bir reklam yayımını həyata keçirmir, mübahisənin hüquqi müstəvidə həllinə çalışır. O da qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə vaxtı göstərilməmiş, protokola əlavə edilmiş şəkillərdə də onun hansı tarixdə çəkilməsini müəyyən etmək mümkün deyil. MMC-nin nümayəndələri tərəfindən qeyd olunan ünvanda xx.xx.2020-ci il tarixdə çəkilmiş və hazırda məhkəməyə təqdim olunan fotoşəkillər də bunu təsdiq edir. Yəni, protokolun tərtib olunduğu tarixdə qeyd edilən ünvanda şirkət tərəfindən hər hansı reklam yayımlanmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na Dövlət Reklam Agentliyi tərəfindən pozuntu aşkar edildikdən sonra onun aradan qaldırılması ilə bağlı müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməli, həmin göstərişləri yerinə yetirmədikdə reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməli olduğu halda, protokol tərtib ediləcəyi barədə şirkətə bir gün əvvəl məktub göndərilmiş, şirkət tərəfindən də teleqram vurularaq hadisə yerinə baxışın keçirilməsinin təxirə salınması xahiş olunsa da, buna əhəmiyyət verilməmiş, qurumun hüquqları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 vəkilin söylədikləri ilə razı olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 04-08/385 saylı məktubda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı ünvanda müvafiq icazə olmadan açıq məkanda reklam yayımı həyata keçirildiyi üçün şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə protokol tərtib edilməsi nəzərdə tutulmuş və bununla bağlı xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:00-da qeyd olunan ünvana gəlmək xahiş olunur; - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə ünvanlanmış teleqramda qeyd olunur ki, Şəxs» MMC-nin rəhbərliyi hal-hazırda Bakıda olmadığı üçün baxışın keçirilməsinin xx.xx.2020-ci il tarixə təxirə salınması xahiş olunur; - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş fotoşəkillərə (tarix görsənmir) əsasən Şəxs MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı ünvanda yerləşən körpünün üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir; - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli “Açıq məkanada reklam yerləşdirilməsinə İcazə”yə əsasən Şəxs MMC-yə 2020-ci il may ayının 01-dən avqust ayının 01-dək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı ünvanda (körpüüstü) reklam qurğusunun üzərində açıq məkanda reklam yerləşdirilməsinə icazə verilir; - “Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsindən imtina barədə” Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin xx xxxxxx 2020-ci il tarixli, 26 saylı qərarına əsasən Şəxs MMC-nin xx.xx.2020-ci il tarixli müraciəti ilə bağlı bu qərarın əlavəsində qeyd olunmuş ünvanlar üzrə (Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi, 27b saylı və s.) körpüüstü reklam qurğularının üzərində reklam yerləşdirilməsinə dair icazənin verilməsindən imtina olunmuşdur; - Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş, üzərində “12.09.20” tarixi əks olunmuş şəkildə Nəsimi rayonu, Pişəvəri küçəsi, 27b saylı ünvanda yerləşən körpüüstü reklam qurğusunun üzərində reklam yayımının həyata keçirilməsi müşahidə olunmur; - Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6306/2020 saylı qərardadından görünür ki, iddiaçı Şəxs MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək Agentliyin xx.xx.2020-ci il tarixli, 26 saylı qərarının ləğv edilməsini, Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi, 27b saylı və s. ünvanlarda yerləşən qurğularda MMC tərəfindən reklam yerləşdirilməsinə icazə verilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulması, eyni zamanda MMC-yə məxsus körpüüstü reklam qurğularının sökülməsinin Dövlət Reklam Agentliyinə qadağan olunması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şəxs MMC-nin müvəqqəti xarakterli müdafiəyə dair ərizəsi rədd olunmuşdur; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1717/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-6306/2020 saylı qərardadı ləğv edilmiş, Şəxs MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, cəmiyyətə məxsusBakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi, 27b saylı və sair ünvanlarda yerləşən körpüüstü reklamın sökülməsi ilə bağlı hərəkətlərin edilməsi Dövlət Reklam Agentliyinə qadağan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na görə: - birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir (1.5-ci bənd); - açıq məkanda yerləşdirilməsinə icazə verilən, həmçinin bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməlidir (1.6-cı bənd); - müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür (3.1-ci bənd); - müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir (3.2-ci bənd); - reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır (3.3-cü bənd); - yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum: reklamın yerləşdirilməsinə verilmiş icazəyə (o cümlədən bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq, reklamı müvafiq qurumu məlumatlandırmadan yayımlayan reklam yayıcısının malik olduğu icazəyə) münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrində nəzərdə tutulmuş tədbirlər görür (icazə ləğv edildiyi halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamın, həmçinin bu Qaydanın 3.4.1-ci yarımbəndinə uyğun olaraq yayımı dərhal dayandırılmayan reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür (3.4-cü bənd); - müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür (3.5-ci bənd); - açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3cü maddəsinə uyğun həyata keçirilir (3.6-cı bənd); - müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir (3.7-ci bənd). Göründüyü kimi, Dövlət Reklam Agentliyi tərəfindən Şəxs MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı ünvanda müvafiq icazə olmadan körpüüstü reklam qurğusunun üzərində açıq məkanda reklam yerləşdirməsi faktı aşka edilərək xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin qanunvericliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmadan, yəni aşkar olunmuş pozuntu barədə 5 gün ərzində onun aradan qaldırılması ilə bağlı tədbir görülməsi məqsədilə reklam yayıcısına məlumat verilməmişdir. Şirkətə yalnız protokol tərtib olunmadan bir gün əvvəl – xx xxxxxxxx 2020-ci il tarixdə bu barədə bildiriş göndərilmiş, onun tərəfindən yerə baxış keçirilməsinin təxirə salınması xahiş olunsa da, xx.xx.2020-ci il tarixdə protokol tərtib olunmuşdur. İş materiallarından da aydın olur ki, Agentlik tərəfindən Şəxs MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı ünvanda körpüüstü reklam qurğusunun üzərində açıq məkanda reklam yerləşdirilməsinə dair icazə 2020-ci il may ayının 01-dən avqust ayının 01-dək olan müddət ərzində verilmişdir. Daha sonra isə həmin qurumun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qeyd olunan ünvanda körpü üzərində açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsindən imtina edildiyi üçün bu qərar şirkət tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Məhkəməyə Dövlət Reklam Agentliyi tərəfindən təqdim edilmiş və çəkildiyi tarix məlum olmayan fotoşəkillərdə həmin məkanda körpünün üzərindəki qurğuda reklam yerləşdirilməsi görünsə də, sonradan cəmiyyətin vəkili tərəfindən təqdim edilən və protokol tərtib olunan tarixdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə çəkildiyi aşkar şəkildə bilinən şəkillərdə həmin qurğu üzərində hər hansı reklama rast gəlinmir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı Şəxs MMC-nin Dövlət Reklam Agentliyinə qarşı qaldırılmış iddia üzrə işə baxılanadək Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 27b saylı və s. ünvanlarda yerləşən körpüüstü reklam qurğularının sökülməsinin həmin quruma qadağan edilməsinə dair müvvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı mötəbər dəlillər əsasında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2222/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2222/2020
09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver