Məhkəmə qərarları › İş №3(006)-2223/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2223/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2223/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və bu qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətin məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək Bakı şəhər X4 İdarəsinə və digər orqanlara müraciətlər etməsi ilə əlaqədar qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd olunan Məcəllənin 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Göründüyü kimi, qanunvericiliklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə qəbul edilmiş qərardan şikayət vermə müddəti onun rəsmi qaydada alındığı vaxtdan 20 gün müəyyən edilmişdir. Hazırki müraciət və təqdim edilmiş sənədlərdən aydın olur ki, S.Salmanov barəsində hazırki baş vermiş inzibati xəta hadisəsi ilə bağlı hələ xx.xx.2021-ci il tarixdə Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı qərardan şikayətlə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilərək iş yenidən baxılması üçün aiddiyəti üzrə göndərilmişdir. Daha sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə Bakı şəhər X4 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Mübahisələndirilən bu qərarı o, cari ilin fevral ayında almış, ondan mart-aprel aylarında Bakı şəhər X4 İdarəsinə, habelə digər dövlət orqanına şikayətlər etmişdir. Bununla da müəyyən edilir ki, şikayətçi daha öncə barəsində inzibati xətanın törədilməsinə görə qəbul edilmiş qərardan məhkəməyə vaxtında şikayət etməsini bilmiş və bu hüququndan da istifadə etmişdir. Bu səbəbdən də X1 vəsatətində mübahisələndirilən hazırki qərarla bağlı Bakı şəhər X4 İdarəsinə və digər orqanlara müraciətlər etməsi onun vaxtında məhkəməyə şikayət etməsinə maneə yaratmırdı. Belə olan halda da hesab edirəm ki, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəllənin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar