Məhkəmə qərarları › İş №3(006)-2224/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2224/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2224/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə müraciət edərək Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər, DYPİ Müşayiət - Eskort Bölüyü YPX baş inspektor polis kapitanı X1 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, cərimə edilməyinin səbəbi kimi xx.xx.2022-ci il tarixdə, saat 09:14-də Kövkəb Səfərəliyeva 28, GPS:40.38064xx.xx.8578094 D.Əliyeva ərazisində “Toyota Prius (Hibrid)” minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqaməti nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyi göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, yuxarıda qeyd olunan vaxt yol polisi əməkdaşı inzibati xəta haqqında protokol tərtib edərkən o, polislərə qanunu pozmadığını bildirsə də, onun iradlarına məhəl qoymadan, hüquq və vəzifələrini ona izah etmədən barəsində inzibati protokol tərtib edilmişdir. Belə ki, sözügedən ərazidə yol bağlı olduğu üçün avtonəqliyyat vasitələrinin sıxlığı müşayət olunmuşdur. Həmin vaxt YPX-nin əməkdaşının icazəsi ilə bir çox avtomobillər əks yola çıxmaqla hərəkət etmişdir. O da YPX əməkdaşından icazə alıb əks istiqamətli yola çıxmışdır. Bu zaman digər bir YPX əməkdaşı onu saxlayıb çox aqressiv irad bildirərək, barəsində inzibati protokol tərtib etmişdir. O da protokolla razı olmadığını, polis əməkdaşının icazəsi ilə əks istiqamətli yola çıxdığımı bildirmişdir. Nəticə də, o, Bakı şəhər, DYPİ Müşayiət - Eskort Bölüyü YPX baş inspektor polis kapitanı X1 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Bundan əlavə, ona protokolla razı olmadığı uçun barəsində inzibati tənbeh olunma haqda qərar qəbul edilməzdən əvvəl o, polis bölməsinə dəvət edilməli idi. Araşdırma aparılmalı, bundan sonra müvafiq qərar qəbul edilməli idi. Lakin polis əməkdaşları tərəfindən qanunun tələblərinə əməl edilmədən protokol tərtib edilib və qərar qəbul olunmuşdur. Bu səbəbdən də, hesab edir ki, barəsində olan inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda və s. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər X6 İdarəsinə lazımi qaydada məlumat verilsə də, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar