Məhkəmə qərarları › İş №3(006)-2225/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2225/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2225/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Nəsimi RPİ-nin Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Onun barəsində Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsi ilə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulması ilə bağlı xx.xx.2020-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun əsasında xx.xx.2020-ci il tarixli TP ******* saylı Qərar qəbul edilmişdir. Cəriməni əsassız və qanunsuz hesab edir. "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" xx xxx 2020ci il tarixli 189№-li qərarda şəxsi nəqliyyat vasitələrində fərdi vasitələrdən istifadə edilməsi tələbi nəzərdə tutulmamışdır. Həmin qərarın 1.1,-ci bəndində deyilir ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Göründüyü kimi, həmin bənddə kommersiya əsasları ilə sərnişin daşınması növləri sadalanmış, lakin şəxsi nəqliyyat vasitələri qeyd edilməmişdir. "Avtomobil nəqliyyatı" haqqında Azərbaycan Respublikası qanununun 1.0.13-cü bəndinə əsasən, sərnişin - avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşman fiziki şəxsdir, 1.0.9cu bəndinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Göründüyü kimi, qanunvericilik sərnişindaşımanı kommersiya münasibəti kimi tənzimləyir, şəxsi və ya xidməti avtomobildə qohumların, yaxın insanların və iş yoldaşlarının bir məntəqədən digərinə çatdırılması sərnişindaşıma deyildir. Bununla bağlı DİN BDYPİ rəsmiləri mətbuata açıqlama da vermişdirlər. Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin lent.az-a açıqlamasında BDYPİ rəsmisi bildirmişdir ki, şəxsi avtomobildə sürücü və sərnişinlərin maska taxması vacib deyil. Yalnız şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatda iştirak edən sürücü və sərnişinlər maskadan istifadə etməlidirlər. Buraya avtobuslardan əlavə, taksilər də daxildir. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında da əks olunub. Öz maşınında qoruyucu tibbi maskadan istifadə edilməməsinə görə avtomobillər yol polisi əməkdaşları tərəfindən saxlanıla bilməz. Lakin bu məlumatı polis əməkdaşına təqdim etsə də, israrla ona cərimə yazılmışdır. Həmçinin, protokola İXM-nin İnzibati xəta haqqında işlərə baxılması adlanan 15 fəslinin ziddinə, o, dinlənilmədən baxılmış, yanlış olaraq İXM-nin yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətlərinə dair 16-cı fəsli tətbiq edilmişdir. İXM-nin 211-ci maddəsi əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xəta olmaqla yol hərəkəti qaydalarına aidiyyatı yoxdur. İş üzrə protokol "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta naqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında" 2116-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarın 1 saylı əlavəsi üzrə tərtib edilməli olduğu halda, 2 saylı əlavəsi üzrə tərtib edilmişdir. Bundan savayı barəsində Qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin "İnzibati xəta haqqında işlərə baxılması" haqqında 15-ci fəslinin tələləri pozulmuş, onun dinlənilmək hüququ təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, qanunsuz olaraq Nəsimi RPİ-nin Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Nəsimi Rayon Polis İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nəsimi RPİ-nin Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar