Məhkəmə qərarları › İş №3(006)-2226/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2226/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2226/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1988-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində idarə etdiyi “MERCEDES-BENZ 280 MİNİK” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonunda yerləşən Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin İİİ hissəsinin 5-ci bəndinin tələbini pozaraq işıqforun qırmızı işığında yolayrıcına daxil olub hərəkətini davam etdirərək Bakıxanov küçəsi ilə hərəkətdə olan, X1 idarə etdiyi “FİAT DOBLO” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə sonuncu avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs Ağahüseyn qızı yüngül dərəcəli bədən xəsarəti almışdır. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs nun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində idarə etdiyi “MERCEDES-BENZ 280 MİNİK” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində bir anlıq fikirli olub diqqətsizlik edərək svetoforun qırmızı işığı yanan zaman yolayrıcına daxil olub hərəkətini davam etdirmiş, bu zaman Bakıxanov küçəsi ilə hərəkətdə olan “FİAT DOBLO” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə idarə etdiyi avtomobilin ön sağ hissəsi toqquşmuşdur. Zərbənin təsirindən toqquşduğu avtomobil yolun sağ kənarında olan dəmir dirəyə dəyib dayanmışdır. Hadisə nəticəsində “FİAT DOBLO” markalı avtomobildə olan bir nəfər qadın sərnişin yüngül bədən xəsarəti almışdır. Hadisə yerinə təcili tibbi yardım çağırılaraq həmin qadın xəstəxanaya aparılmışdır. Dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq ona yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 631 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Ağahüseyn qızının bədən səthində aşkar olunmuş xəsarətlər - sol bazu oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançırı və şişkinliyi (hematoması), sağ dirsək oynağı nahiyəsinin sıyrığı, alın, çənə, sağ bazu və sağ bayır topuğu nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 3- 4 gün əvvəl əmələ gəlmişər, xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar