Məhkəmə qərarları › İş №3(006)-2239/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2239/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2239/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 qızının katibliyi, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1050/2019 saylı icra vərəqəsini icra etməyərək 1.433 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Ə.Heydərov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs iki il ərzində 1955 manat ödəniş etmişdir. Belə ki, borclunun mütəmadi olaraq aliment borcunu ödəməsi 2019-cu ilin sonundan dayanıb. Bugünədək alimenti ödəmədiyi üçün 1.433 manat borcu yaranmışdır. Həmçinin borclu icra şöbəsinin çağırışlarına vaxtlı-vaxtında gəlir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bundan əlavə icra məmuru A.Ə.Heydərov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs Əmək və X6 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, maddi imkanı olmadığı üçün aliment borcunu vaxtlıvaxtında ödəyə bilmir. Belə ki, əvvəllər işlədiyi üçün aliment borcunu hissə-hissə ödəmiş, daha sonra xüsusi karantin rejimi olduğundan işləyə bilmədiyi üçün qazancı yoxdur. Maddi imkanı düzələn kimi ödəniş edəyəcəkdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyil, heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar A.R.Maçanova bildirmişdir ki, borclunun hər ayda aliment borcunu hissə-hissə ödəyir. Özü işləmir, himayəsində 3 yaşlı uşağı və pula ehtiyacı var. Göstərilənlərə əsasən iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1050/2019 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, xx xxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı A.R.Maçanova verilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1050/2019 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan 02 may, 04 iyun, 29 iyul, 10 sentyabr, 25 sentyabr və xx xxxxxx 2019-cu il qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən tələbkar A.R.Maçanovaya müvafiq olaraq 200 manat, 200 manat, 100 manat, 150 manat, 200 manat və 150 manat məbləğində aliment ödənişləri edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1050/2019 saylı icra vərəqəsinə əsasən xx xxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı A.R.Maçanova verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata xx xxxxxx 2019-cu il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs mütəmadi olaraq ödənişlər etmiş, yalnız son bir neçə ay ərzində heç bir yerdə işləmədiyi üçün alimenti ödəyə bilməmişdir. Borclu Şəxs aylıq aliment pulunu hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. Bundan başqa, borclu Şəxs Əmək və X6 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Lakin, icra məmuru göstərilən hallar barədə araşdırma aparmadan, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar