Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2245/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndələri X5 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi üzrə tərtib olunmuş 24.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətlərini təsdiq edən akkreditasiya attestatı olmadığı halda, Şəxs MMC tərəfindən "xxxx" MMC-yə uyğunluq sertifikatları verilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndələri X4 və X7 izahatlarında bildirmişlər ki, akkreditasiya orqanı akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdur. Texniki reqlamentdə və digər normativ-hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın (xidmətin, işin), prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumların akkreditasiyası məcburidir. Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Uyğunluğun qiymətləndirilməsi səlahiyyətini həyata keçirmək səlahiyyətlərini təsdiq edən akkreditasiya attestatı olmadığı halda "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə uyğunluq sertifikatları verilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt "xxxx" MMC-nin müraciəti əsasında “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin təqdim etdiyi məlumat ilə təsdiq edilir. Belə ki, həmin məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin sertifikatlaşdırma departamentinə 01.12.2017-ci il tarixində verilmiş akkreditasiya attestatının qüvvədə olma müddəti 01.12.2020-ci il tarixində bitmişdir. Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilmiş həmin quruma 14.06.2021-ci il tarixli AZ 02.0553.01.21 nömrəli akkreditasiya attestatı verilmişdir və onun qüvvədə olma müddəti 14.06.2021-ci ildən 14.06.2024-cü ilədəkdir. Məktuba əlavə edilmiş "xxxx" MMCnin sertifikatlaşdırma departamenti tərəfindən "xxxx" MMC-yə verilmiş 12.02.2021, 05.03.2021, 12.03.2021, 19.03.2021 və 08.04.2021-ci il tarixli uyğunluq sertifikatları verildiyi dövrdə "xxxx" MMC-nin sertifikatlaşdırma departamentinin akkreditasiya attestatı qüvvədə olmamışdır. Hesab edirlər ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta uzanan inzibati xətalara aid olduğundan, məsələnin həllində İXM-nin 38.2-ci maddəsi tətbiq edilməlidir. Göstərilənlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 izahatlarında bildirmişlər ki, barələrində tərtib olunmuş protokol əsassız olduğundan və qanunla nəzərdə tutulmuş müddət keçirildiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icazə müddətinin uzadılmasından danışılır. Onlar 01 dekabr 2020-ci il tarixdə icazənin müddətinin keçdiyini nəzərə alaraq 18 noyabr 2020-ci il tarixdə Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət etmişlər. Həmin qanunun 23.9-cu bəndində göstərilmişdir ki, lisenziyanın və icazənin yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini lisenziya və icazə verən orqana təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda başlanılmış icraata xitam verilməlidir. Bundan əlavə, iş materiallarından da görünür ki, "xxxx" MMC tərəfindən sertifikatlar sonuncu dəfə aprel ayında təqdim edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə inzibati tənbehin verilməsi üçün müəyyən edilmiş 3 aylıq müddət keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan 24.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətlərini təsdiq edən akkreditasiya attestatı olmadığı halda, Şəxs MMC tərəfindən "xxxx" MMC-yə uyğunluq sertifikatları verilmişdir. İş materiallarında olan X1 Sertifikatlarından görünür ki, Şəxs MMC tərəfindən sertifikatlar sonuncu dəfə 08 aprel 2021-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi-malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyaqurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. 1.0.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum-malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. 1.0.6-cı maddəsinə əsasən akkreditasiya attestatı-uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənədidir. 8.1-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. 8.3-cü maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. 10.2-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). 10.3-cü maddəsinə əsasən nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla hüquqi şəxs Şəxs tərəfindən İXM-in 538-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 538-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapsa da, xətanın törədildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 538-1.1-ci maddəsi Məcəllənin 39-cu fəslinə, yəni idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 3 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən “Uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2245/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2245/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver