Məhkəmə qərarları › İş №3(006)-2247/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2247/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2247/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, G.B.Əliyev küçəsi, ev 11Z-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:40 radələrində idarə etdiyi “Ford Fusion” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə Vaqif prospektinin kəsişməsində “STOP” nişanının tələblərini pozub yolayrıcına daxil olaraq Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai Matrix” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, daha sonra “Ford Fusion” markalı avtomobilin ön bamperin sol küncü Vaqif küçəsində yolun sol kənarında park edilmiş “BYD Destroyer 05 Plug-un hibrid” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa bamperinə dəymiş, nəticədə “Ford Fusion” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 və “Hyundai Matrix” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə, saat 11:40 radələrində idarə etdiyi “Ford Fusion” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə X.Şuşinski küçəsi ilə Vaqif prospektinin kəsişməsinə yolun sağ kənarında quraşdırılmış “Stop” yol nişanının tələbinə əməl etmədən yola daxil olduğu üçün Vaqif küçəsi ilə gələn “Hyundai Matrix” markalı avtomobil ilə toqquşmuşdur. Daha sonra o, idarəetməni itirdiyindən Vaqif küçəsində yolun sağ kənarında dayanmış “BYD Destroyer 05 Plug-un hibrid” markalı avtomobilə dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilində arxa sol oturacaqda sərnişin qismində olan arvadı Zərərçəkmiş şəxs2, eləcə də “Hyundai” markalı avtomobilin sürücüsü xəsarət almışdır. Zərər çəkmiş şəxslər ondan şikayətçi deyil. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə Xan Şuşinski küçəsi ilə kəsişmədə baş verib; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 191 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 196 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol baldır və sol diz oynağı nahiyələrinin iri ölçülü dərialtı hematoması, sol əl və hər iki baldır nahiyələrinin qançırları, sağ baldır nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • Zərərçəkmiş şəxs1 izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə, saat 11:40 radələrində idarə etdiyi “Hyundai Matrix” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Vaqif prospekti ilə S.Vurğun küçəsi istiqamətində hərəkətdə olan zaman Vaqif prospekti ilə X.Şuşinski küçəsinin kəsişməsində “STOP” nişanının tələblərini pozan “Ford Fusion” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, baş nahiyəsindən xəsarət almışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə görə üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin Qanuna 4 saylı Əlavədə «2.5 Dayanmadan keçmək qadağandır» nişanı üstünlük yol nişanına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar