Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2256/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X3 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun valideyni tam təsadüf nəticəsində elektron portalı yoxladan zaman məlum olmuşdur ki, onun adına cərimə var. Cərimə barədə həmin vaxta qədər onun heç bir məlumatı olmamışdır. Daha sonra cərimənin hansı əsaslara görə tətbiq edildiyini aydınlaşdırmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin müraciət 21-ci polis bölməsinə, daha sonra isə 20-ci polis bölməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixli, 51-3/2-14-7789/11/23 saylı məktubla müraciətinə cavab verilmişdir. Yalnız bundan sonra xx.xx.2023-cü il tarixdə barəsində tərtib edilmiş protokolu və qəbul edilmiş qərarı əldə etmək mümkün olmuşdur. Daha sonra məlum olmuşdur ki, o, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru X7 tərəfindən xx.xx.2021-ci il tarixdə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən MN ******* nömrəli protokol tərtib edilmişdir. Halbuki onun həmin protokolun tərtib edilməsindən xəbəri olmamış, izahatı alınmamış, protokola imza edilməsi təklif olunmamışdır. Nə həmin protokol, nə də qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar inzibati xətalara dair qanunvericiliyin tələblərinə zidd olaraq ona rəsmi olaraq çatdırılmamışdır. Həmçinin qərar qəbul edilən zaman ona heç bir məlumat verilməmiş, nə onun, nə də nümayəndəsinin iştirakı təmin olunmamışdır. Hər iki sənəd qanunsuz və əsassız tərtib olunmuş, işin faktiki hallarını qəti surətdə düzgün əks etdirməmişdir. Belə ki, protokol tərtib olunan və qərar qəbul edilən zaman onun 18 yaşı tamam olmadan inzibati orqan tərəfindən işə adiyyət qaydası pozulmaqla inzibati xəta haqqında icraatın aparılmasından ümumiyyətlə ona məlumat verilmədən baxılmışdır. Həmçinin, onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir. O, uzun müddətdir ki, 1 nömrəli Respublika Dəri-Zöhrəvi Dispanserində infeksiyalaşmış sızanaq diaqnozu ilə ambulator müalicə almışdır. Protokolun yazıldığı dövrdə də müalicə almaqda davam etmişdir. O, 2021-ci ilin mart ayının əvvəlində həkim qəbulundan çıxıb evə gedən zaman küçədə bir nəfər polis əməkdaşı ona maska ilə üzünü tam qapamamağımı irad tutmuşdur. O isə həm eynək taxdığı, həm də üz dərisində problemlə bağlı müalicə aldığı, dərmanlardan istifadə etdiyi, maskanı tam üzünə çəkən zaman həm eynəyinin tərlədiyini, həm də dərisində allergik reaksiyanın yarandığını və müalicə aldığı tibb müəssisəsinin sənədlərini də təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxıb özünə qaytarmışdır. Daha sonra isə ona nə protokol, nə də qərar rəsmi surətdə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar qanunsuz olduğu üçün onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X6 xx.xx.2021-ci il tarixdə, səhər (saat 6-12) İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) törətmişdir; • xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə 100 manat cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 54.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Bu Məcəllənin 110.2-ci madəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Hazırki işin materiallarından görünür ki, xətanın törədilməsi ehtimal olunan vaxtı barəsində icraat aparılan şəxs yetkinlik yaşına çatmadığından iş üzrə icraatın aparılması zamanı onun qanuni nümayəndəsinin iştirakı təmin olunmamış, bu barədə prokurora məlumat verilməmiş, habelə şəxsin yaşayış yeri Abşeron rayonu olduğu halda, aidiyyət qaydaları pozulmaqla işə baxılıb qərar verilmişdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində müəyyən edilmiş müddət də keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2256/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2256/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver