Məhkəmə qərarları › İş №3(006)-2272/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2272/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2272/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsi üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmişdir. Belə ki, o, internet informasiya ehtiyatı vasitəsilə xarici ölkədən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən “Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr”ə aid edilən 01 ədəd üzərində «SK Voice Recorder» sözləri yazılmış elektron yaddaş kartı formasında səs yazan qurğusunu satış məqsədi olmadan sifariş edərək əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildirişlər göndərilsə də, barəsində icraat aparılan şəxs və inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoluna əsasən 1 (bir) ədəd üzərində «SK Voice Recorder» sözləri yazılmış elektron yaddaş kartı formasında səs yazan qurğusu Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi, 702-ci məhəllə, X3 yerləşən HNBGİ Skanlaşdırma və X1 Tətbiqi şöbəsinin inspektoru X2 tərəfindən aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.0222-ci il tarixli, 24/4299 saylı məktubunda qeyd olunur ki, «SK Voice Recorder» yazılı usb-fləş formasında qurğu gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr qismində istifadə edilə bilər və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci bəndinə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə aid edilir. İş materiallarında olan Şəxs izahatında bildirmişdir ki,səsyazma funksiyasına malik fləş-kartı həmin cihazın içərisində səsgücləndirici detalın olduğunu düşünərək sifariş vermişdir. Ona məxsus nəqliyyat vasitəsinin maqnitofonu xarab olduğundan onun içərisində olan səsgücləndirici ilə dəyişmək istəmişdir. Səsgücləndiricini onun idarə etdiyi nəqliyyat vasitəsinin sözügedən cihazı 22 avqust tarixində “Aliexpress” internet mağazasından almışdır. Həmin mal üçün 4 ABŞ dolları məbləğində pul vəsaitini bank kartı vasitəsilə ödəmişdir. xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil nömrəsinə adına poçt bağlamasının gəldiyini və həmin bağlamanın gömrük orqanı tərəfindən saxlanıldığını bildirən sms gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15 fevral 2023-cü il tarixli, 5/173-9/902 saylı rəyinə əsasən təqdim edilmiş üzərində «SK Voice Recorder» sözləri yazılmış elektron fləş-kart formasında olan səs yazıcı qurğu hal-hazırda işlək vəziyyətdədir. Həmin qurğunun satışına və qiymətinə dair Azərbaycan Respublikasında yerləşən ticarət məntəqələrində, eləcə də Mərkəzdə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərci 80 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru H.Mehrabov tərəfindən qəbul edilmiş 18 fevral 2023-cü il tarixli qərarla əməldə cinayət tərkibi olmadığından iş üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərara əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar, toplanmış material, habelə inzibati xətanın bilavasitə obyekti olmuş 01 ədəd üzərində «SK Voice Recorder» sözləri yazılmış elektron yaddaş kartı formasında səs yazan qurğusu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 12-ci bəndinə görə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyəsinə xüsusi icazə verən - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətidir (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti). Eyni zamanda məhkəmə tərəfindən o da müəyyən olunur ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar 18 fevral 2023-cü il tarixdə qəbul edilmişdir. Hazırda isə həmin tarixdən 03 aydan artıq müddət keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməli, eyni zamanda inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməli, ekspertiza xərci üzrə 80 manat məsrəf isə həmin Məcəllənin 55.2-ci maddəsinə müvafiq olaraq dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş «SK Voice Recorder» sözləri yazılmış elektron yaddaş kartı formasında səs yazan qurğu dövlət nəfinə müsadirə edilsin. Ekspertiza xərci üzrə 80 (səksən) manat məsrəf dövlət hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar