Məhkəmə qərarları › İş №3(006)-2273/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2273/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2273/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsi ilə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən xx.xx.2023cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərar və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs 2022-ci ilin noyabr ayında internet informasiya ehtiyatı vasitəsi ilə xarici ölkədən “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən “Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr”ə aid edilən 1 (bir) ədəd üzərində “SK Voice Recorder” sözləri yazılmış elektron yaddaş kartı formasında olan səs yazan qurğusunu satış məqsədi olmadan sifariş edərək əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildirişlər göndərilsə də, barəsində icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 fevral 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Şəxs bir ədəd üzərində “SK Voice Recorder” sözləri yazılmış elektron yaddaş kartı formasında olan səs yazan qurğusunu satış məqsədi olmadan qanunsuz əldə etmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 377-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 377-ci maddəsinə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə, iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 377-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Eyni zamanda məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətanı törətmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin böyük prokuroru, polis kiçik ədliyyə müşaviri Haqverdi Mehrabov tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2023cü il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərar isə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 377-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 377-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar