Məhkəmə qərarları › İş №3(006)-2281/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2281/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2281/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxsin nümayəndəsi: X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1022, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451 və 452.3-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 129, mənzil 05də yerləşən aptekdə xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama zamanı nəzarət markası ilə markalanmalı olan dərman vasitələrinin satış məqsədi ilə saxlanılması və aptek təşkilatlarına dair tələblərin pozulması faktları aşkar edilmişdir. Barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, Şəxs MMC-də xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama zamanı satış məqsədi ilə saxlanılmış 01 qutu “Афобазол 10 мг N60”, 01 qutu “Neolin 2 ml N1” və 04 ədəd “Спазмалгон N20” dərman vasitələrinin nəzarət markası ilə markalanmadığı aşkar edilmişdir. Eyni zamanda orada aptek təşkilatlarına dair tələblər də pozulmuşdur. Məhkəmədən minumum həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli, 463 saylı qərara əsasən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 129, mənzil 05-də yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə 04 may 2023-cü il tarixdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır; • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2023-cü il tarixli, KY231915308 saylı çıxarışa görə Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 129, mənzil 05-də yerləşən aptekdə plan üzrə (növbəti) xx.xx.2023-cü il tarixdə yoxlamanın aparılmasına icazə verilir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 298 nömrəli yoxlama aktına və ona əlavəyə əsasən Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 129, mənzil 05-də yerləşən aptekdə həyata keçirilmiş planlı (növbəti) yoxlama zamanı 01 qutu “Афобазол 10мг N60”, 01 qutu “Neolin 2ml N1” və 04 ədəd “Спазмалгон N20” ticarət adlı dərman vasitələrinin nəzarət markası olmadan satış məqsədi ilə saxlanılması və aptek təşkilatlarına dair tələblərin (aptekin divar səthi nəm tənzimlənməyə davamlı deyil) pozulması faktları aşkar edilmişdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 129, mənzil 05-də yerləşən aptekdə nəzarət markası ilə markalanmalı olan dərman vasitələrinin satış məqsədi ilə saxlanılması və aptek təşkilatlarına dair tələblərin pozulması aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsi nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına, həmin Məcəllənin 452.3-cü maddəsi isə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin Butaxılması Qaydaları”nın (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə **********1001 nömrə ilə qeydiyyata alınmışdır) 7.6-cı bəndinə əsasən satış şöbəsində (satış zalı) və dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır. Həmin qərarla təsdiq edilmiş “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”in 3.4.20-ci bəndinə görə saxlanma sahələri müvafiq saxlanma şəraitini təmin edəcək şəkildə layihələndirilməli və uyğunlaşdırılmalıdır. Belə ki, onlar təmiz və quru olmalı, tələb olunan temperatur limitləri qorunub saxlanmalı və bunun üçün lazımi ölçmə vasitələri ilə təmin edilməlidir. Xüsusi saxlanma şəraiti (temperatur, rütubət və s.) tələb olunan yerlərdə bu təmin edilməli, yoxlanmalı və monitorinqi aparılmalıdır. Bu Tələblərin 4.3.1.3-cü bəndinə əsasən saxlanma sahələri etibarlı saxlanma şəraitini təmin edəcək şəkildə layihələndirilməli və ya uyğunlaşdırılmalıdır. Sahələr təmiz və quru olmalı, müvafiq temperatur limitləri gözlənilməlidir. Markalanmaya əsasən xüsusi saxlanma rejimi tələb olunan sahələrdə (temperatur, nisbi rütubət və s.) sözügedən şərait təmin edilməli, yoxlanılmalı, monitorinqi və qeydiyyatı aparılmalıdır. Materiallar və əczaçılıq məhsulları döşəmədən aralıda saxlanmalı, təmizlənmənin və yoxlanmanın təmin edilməsi üçün boş sahələr saxlanmalıdır. Altlıqlar təmiz saxlanmalı və təmir edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin məbləği İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsində nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə yüz əlli, 452.3-cü maddəsində isə min manatdan iki min manatadəkdir. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətaların xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 451 və 452.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq daha ciddi xətaya görə cərimə olunmalı, eyni zamanda inzibati xətanın bilavasitə obyekti olmuş nəzarət markası ilə markalanmamış dərman vasitələri – 01 qutu “Афобазол 10мг N60”, 01 qutu “Neolin 2ml N1” və 04 ədəd “Спазмалгон N20” müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451 və 452.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 1.200 (min iki yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş nəzarət markası ilə markalanmamış dərman vasitələri – 01 qutu “Афобазол 10мг N60”, 01 qutu “Neolin 2ml N1” və 04 ədəd “Спазмалгон N20” dövlət nəfinə müsadirə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar