Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2282/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Vəkil ilə, "xxxx" QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 9, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci maddəsi üzrə tərtib olunmuş 25.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X3” PHŞ-nin Tibbi nəzarət şöbəsinin müdiri X1 tərəfindən "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 25.08.2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus obyektdə plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma (immungenetik) faktı aşkar edilmişdir. Bununla da QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X3nin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211601399 nömrəli çıxarışa və Səhiyyə Nazirliyi X3nin 20.08.2021-ci il tarixli, 389 nömrəli qərarına əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus tibb müəssisəsində 25 avqust 2021-ci il tarixində plandankənar (növbədənkənar) yoxlama aparılarkən özəl tibb fəaliyyəti sahəsində verilmiş lisenziyada göstərilən işlərdən kənar tibb fəalliyyəti (immunoloji) faktı aşkarlandığına görə bu faktlar yoxlayıcılar tərəfindən aktlaşdırılmışdır. Növbədənkənar yoxlama 25 avqust 2021-ci il tarixdə keçirilmiş, lisenziyada göstərilən işlərdən kənar tibb fəalliyyəti də məhz yoxlama keçirilən zaman aşkar edilmiş, klinikada immungenetik testin keçirilməsi üçün lazım olan alət və vasitələr aşkar olunmuşdur. Baş vermiş qanun pozuntusuna görə "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinini 215.1-ci maddəsinə əsasən 25 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Klinikanın nümayəndəsi protokol tərtib olunarkən klinikada lisenziyadan kənar fəaliyyətin aşkar edilməsini və immunogenetik fəaliyyətlə məşğul olma faktının aşkar edilməsini təsdiq etmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" QSC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, ekspress test deyilən anlayış var, həmin test hətta apteklərdə belə satılır. Klinika tərəfindən Covid-19 virusunun aşkar olunması ilə bağlı ekspress test götürülür, əgər virus çıxma ehtimalı olarsa vətəndaşa PZR, İgM/G anticism tətbiqi və ağciyər KT olunması məsləhət görülür. Qeyd etdiyi test immunogenetik test deyil. Lakin klinika barəsində protokol həmin testin immunogenetik test olması ilə əlaqədar yazılmışdır. 21.04.2021-ci ildə klinikada keçirilən testlə bağlı A.Nəbiyev tərəfindən şikayət verildikdən sonra klinikada ekspress testin keçirilməsi dayandırılmışdır. Beləliklə, inzibati xəta hadisəsi 21 aprel 2021-ci il tarixdə baş vermiş, bundan sonra klinikada sözügedən testlər aparılmamışdır. 25 avqust 2021-ci il tarixdə keçirilən növbədənkənar yoxlama zamanı isə lisenziyadan kənar fəaliyyət aşkar olunmamış, buna baxmayaraq 21.04.2021-ci il tarixdə klinikada keçirilən test əsas tutulmaqla barələrində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" QSC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3nin əməkdaşlarının və sahibkar R.Nəsibovun iştirakları ilə tərtib olunmuş plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 25.08.2021-ci il tarixli, 369 nömrəli aktdan görünür ki, həmin tarixdə saat 10:55-də Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə 14 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus obyektdə plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma (immungenetik) faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" QSC-nin Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2282/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2282/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver