Məhkəmə qərarları › İş №3(006)-2282/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2282/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2282/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1022, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola görə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama zamanı dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satış məqsədilə saxlanması, aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitlərinin buraxılması qaydalarının pozulması faktları aşkar edilmişdir. Barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, şirkətə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama zamanı aşkar edilmiş “Konazol 2% 100 ml” şampun, “Eyedrop 15ml” məhlul-damcı dərman vasitələrinə aid deyil, onlar gigiyenik vasitədirlər. Bu barədə Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” X8 tərəfindən müvafiq gigiyenik sertifikatlar da verilmiş və orada da bu malların gigiyenik məhsula aid olması göstərilmişdir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə dərman vasitələri xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası, insan orqanizminin vəziyyətinin və fizioloji funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələri və ya onların qarışığı, o cümlədən immunobioloji dərman preparatlarıdır. Həmin Qanunun 6.3-cü maddəsi dövlət qeydiyyatına alınan dərman vasitələrini müəyyən etmiş və onlara da orijinal dərman vasitələri, dərman vasitələrinin analoqları (generiklər), dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyaları, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri, dərman vasitələrinin istehsalında təsiredici maddə kimi istifadə olunan dərman maddələri (dərman substansiyaları) aiddirlər. Bundan əlavə, Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Göründüyü kimi, MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə satılan “Konazol 2% 100 ml” şampun və “ Eyedrop 15ml” məhlul-damcı şəxsi sanitariya-gigiyena mallarına aid olmaqla onların dövlət qeydiiyatı tələb olunmur. Bu səbəbdən də MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Bununla belə, həmin aptekdə bu təşkilatlara dair tələblərin pozulması halını qəbul edirlər. İnzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 izahatında bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 tərəfindən qəbul edilmiş planlı yoxlamanın keçirilməsi barədə 465 nömrəli, 25 aprel 2023-cü il tarixli qərara əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama zamanı aşkar edilmiş “Konazol 2% 100 ml” və “Eyedrop 15ml” dərman vasitələrinin dövlət qeydiyyatından keçmədən satış məqsədilə saxlanması, həmçinin aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitlərinin buraxılması qaydalarının pozulması faktları aşkar edilmişdir. Buna müvafiq olaraq, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 tərəfindən tərtib edilmiş yoxlama aktına əsasən “Konazol”, “Tetrasiklin” və “Eyedrop” dərman vasitələrinin içlik vərəqəsində və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun saxlanmadığı, aptekin otaqlarının divar səthi nəm təmizlənməyə davamlı olmadığı aşkar edilmişdir. Qeyd olunan dərman vasitələrindən “Konazol 2% 100 ml” və “Eyedrop 15ml” gigiyenik vasitə kimi istifadə olunsa da, həmin vasitələrin dərman vasitəsi olaraq qəbul edilməsini istisna etmir. Qeyd olunanları nəzərə alaraq, Şəxs MMC barəsində hər iki maddə üzrə cərimə tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli, 465 saylı qərara əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə 03 may 2023-cü il tarixdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2023-cü il tarixli, KY231915298 saylı çıxarışa görə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə plan üzrə (növbəti) xx.xx.2023-cü il tarixdə yoxlamanın aparılmasına icazə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X9 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 295 nömrəli yoxlama aktına və ona əlavəyə əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə həyata keçirilmiş planlı (növbəti) yoxlama zamanı dövlət qeydiyyatı olmayan 1 ədəd “Konazol 2%” şampun və 1 ədəd “Eyedrop 15ml” məhlul-damcı, habelə düzgün şəraitdə saxlanılmayan 2 ədəd “tetrasiklin 1% 3q” maz aşkar edilmiş, eyni zamanda obyektin divarlarının bəzi sahələri hamar deyil və nəm təmizlənməyə davamlı deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ 031 RSK 17368 saylı gigiyenik sertifikatda “Eyedrop” adlı məhsul-damcı və xx.xx.2023-cü il tarixli, AZ 031 RSK 5402 saylı gigiyenik sertifikatda “Konazol” adlı şampun gigiyenik vasitələr kimi qeyd olunmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədilməsinə, həmin Məcəllənin 452.3-cü maddəsi isə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə dərman vasitələri xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası, insan orqanizminin vəziyyətinin və fizioloji funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələri və ya onların qarışığı, o cümlədən immunobioloji dərman preparatlarıdır. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən aşağıdakı dərman vasitələri dövlət qeydiyyatına alınır: orijinal dərman vasitələri, dərman vasitələrinin analoqları (generiklər), dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyaları, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri, dərman vasitələrinin istehsalında təsiredici maddə kimi istifadə olunan dərman maddələri (dərman substansiyaları) aiddirlər. Bu Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq optik ləvazimatlar, ətriyyatkosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 2.2-ci bəndinə əsasən dərman vasitələri - xüsusi farmakoloji, bioloji fəallığa malik olan və müəyyən dərman formasında insan xəstəliklərinin diaqnostikası, profilaktikası, müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası və ya insan orqanizminin vəziyyətinin və funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən təbii, sintetik, biotexnoloji mənşəli maddələr və ya bir neçə maddənin qarışığıdır. İşin hallarından görünür ki, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama zamanı aşkar olunan 1 ədəd “Konazol 2%” şampun və 1 ədəd “Eyedrop 15ml” məhlul-damcı aşkar olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ 031 RSK 17368 saylı və xx.xx.2023-cü il tarixli, AZ 031 RSK 5402 saylı gigiyenik sertifikatlarda isə bu məhsulların gigiyenik vasitələr olması göstərilmişdir. Bu məhsulların dərman vasitələrinə aid olması isə hər-hansı dəlillə təsdiq olunmur. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarından da belə aydın olur ki, bu məhsullar dərman vasitələrinə aid olunmadığı üçün onların dövlət qeydiyyatı tələb olunmur və aptek təşkilatlarında satılmasına qadağa yoxdur. Belə olan halda isə Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müşahidə olunmur. Bu səbəbdən də Şəxs MMC barəsində həmin maddə üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, Məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla belə, məhkəmədə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə belə təşkilatlara dair tələblərin pozulması faktı müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na görə (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə **********1001 nömrə ilə qeydiyyata alınmışdır): Apteklərə dair ümumi tələblər aşağıdakılardır: aptek Səhiyyə Nazirliyinin təsdiq etdiyi nümunəyə uyğun tanıtma lövhəsi ilə təmin olunmalıdır; aptekdə çalışan mütəxəssislər əczaçılıq fəaliyyəti üzrə mövcud tələbləri bilməli, eyni zamanda fəaliyyətlərini əhaliyə xidmətin göstərilməsi keyfiyyətinin yüksəldilməsinə və bununla da əhali arasında əczaçılıq peşəsinin nüfuzunun daim yüksəldilməsinə yönəltməlidirlər (1.2-ci bənd); Aptekin otaqlarının divarları və döşəməsi hamar оlmaqla, özündə tоz saxlamayan və dеzinfеksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənməyə davamlı olan örtüyə malik оlmalıdır (4.1-ci bənd). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar