Məhkəmə qərarları › İş №3(006)-2282/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2282/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2282/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC 80080.00 ABŞ dolları məbləğində vəsaiti 17 fevral 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 80080.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin idarə heyətinin sədri X2 məhkəməyə etiraz ünvanlayaraq "xxxx" ASC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi qanunvericiliyin tələblərini pozmağa əvvəldən başlamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən nə məsələ araşdırılarkən, nə də protokol tərtib edilərkən Cəmiyyət dəvət edilməmişdir. Protokol isə məhkəməyə müraciət edildikdən sonra Cəmiyyətə təqdim edilmişdir. Bununla da Cəmiyyət öz müdafiəsini həyata keçirmək imkanından məhrum edilmişdir. Tərtib edilmiş Protokolda "xxxx" ASC tərəfindən 80080.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 17 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürüldüyü, “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydalar”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 80080,00 ABŞ dolları məbləğində valyuta vəsaitinin geri qaytarılmadığı, xətanın 18 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədildiyi və Cəmiyyətin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi bildirilmişdir. "xxxx" ASC ilə Belarusiya Respublikasının hüquqi şəxsi olan "xxxx" ASC arasında 12 dekabr 2018-ci il tarixdə müxtəlif növdə parça məmulatlarının alqı-satqısına dair 04-15/170/2018 saylı təchizat müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə uyğun olaraq göstərilən müqaviləyə bir neçə əlavələr edilmişdir. Həmin müqaviləyə əlavələrdə malların adı, rəngi, sayı və dəyəri və digər şərtlər əks olunurdu. Tərəflər arasında olan müqavilənin 3.1-ci bəndinə uyğun olaraq alıcı istehsal prosesinə başlamamışdan öncə 30% əvvəlcədən malların yükləməyə hazır olması barədə məlumat verildikdən sonra 5 (beş) təqvim günü ərzində 70% ödəniş həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur. Göstərilmiş 17 fevral 2023-cü il tarixdə edilmiş ödəniş, "xxxx" ASC ilə Belarusiya Respublikasının hüquqi şəxsi olan "xxxx" ASC (bundan sonra “Təchizatçı şirkət”) arasında imzalanmış 12 dekabr 2018-ci il tarixli müxtəlif növdə parça məmulatlarının alqı-satqısına dair 04-15/170/2018 saylı təchizat müqaviləsinə əsasən həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən göndərilmiş 80080.00 ABŞ dolları məbləğində vəsaitlə bağlı mallar xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrinə əsasən ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən Protokol tərtib edilərkən Cəmiyyət dəvət edilmədiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamış və Cəmiyyət öz müdafiə hüququndan məhrum edilmişdir. Bütün bu qeyd edilənlərdən də göründüyü kimi, İnzibati xəta hadisəsi olmadığı halda Cəmiyyət barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi əsas gətirilərək protokol tərtib edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi qanunvericiliyin tələblərini pozmuş və qeyd edilən məsələni ətraflı araşdırmadan nəticədə qanunsuz protokol tərtib etmişdir. İXM-nin 64.2. maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. İXM-nin 64.3. maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olmasından bəhs edilir. Göründüyü kimi Cəmiyyət qeyd olunan protokoldan xəbərsiz olmuş Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi isə qeyd olunan müddəadan istifadə etməmiş işin ətraflı araşdırılmasına nail olmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və Təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsi İXM-nin 75-ci maddəsinə əsasən iş üzrə halları müəyyən etməli olduğu halda bunu etməmişdir. Ümumiyyətlə isə inzibati xəta hadisəsi olmamışdır və "xxxx" ASC olmayan hadisəyə görə təqsirli bilinərək məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, hesab edirik ki, "xxxx" ASC barəsində tərtib edilmiş protokol onun iştirakı olmadan tərtib edildiyindən, Cəmiyyətin öz müdafiəsini təşkil edə bilməməsi, göndərilmiş vəsaitə uyğun mallar ölkəyə idxal edilməsi səbəbindən Cəmiyyət barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 6-2-30/2-7135/2025 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs ASC göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, «BAKİ TİKİŞ EVİ” ASC 80080.00 ABŞ dolları məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin idarə heyətinin sədri X2 tərəfindən verilmiş etirazda qeyd etdiklərinə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər tədqiq edilmiş və işin halları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ASC 17 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 80080.00 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 80080.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 80080.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 16016 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar