Məhkəmə qərarları › İş №3(006)-2287/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2287/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2287/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə Bakı Dövlət Sirkinin direktoru X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bakı Dövlət Sirkinin direktoru X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 17.08.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Bakı Dövlət Sirkinin direktoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi əsası ilə 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilərək cəzalandırılmışdır. X6 Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı ləğv edilməlidir. Belə ki, X3 Bakı Dövlət Sirkinin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə X6 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Baxılan müraciətlə bağlı daxil olmuş məlumatlarda inzibati xətanın olması müəyyən edilmişdir və bu səbəbdən 13 avqust 2021-ci il tarixdə saat 12:00-da inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar, Bakı Dövlət Sirkinin rəhbərliyi dəvət olunmuşdur. COVİD-19 pandemiyası ilə əlaqədar, Bakı Dövlət Sirkində 2020-ci ilin mart ayından hal-hazırki dövrə qədər kütləvi tədbirlərin keçirilməsi qadağan edilmişdir, müəssisənin fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Nəzərə alaraq ki, Bakı Dövlət Sirki təsərrüfat hesablı müəssisə olduğundan, onun gəlirləri göstərilən tamaşalarla formalaşır. Yalnız əmək haqqı fondu dövlət büdcəsindən maliyyələşdirilir. Göründüyü kimi, bir ildən artıq fəaliyyəti dayandırılmış müəssisənin, komunal xərclər və digər ödənişlərin ödənilməsində ciddi çətinliklər yaranmışdır. 2021-ci ilin aprel ayında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əsaslı struktur dəyişikliyi edilmişdir, ştat cədvəli üzrə 40-a yaxın vəzifə ixtisar edilmişdir, yeni ştat cədvəli təsdiq edilmişdir. Yeni ştat cədvəli Bakı Dövlət Sirkinə aprel ayının 15-dən tətbiq edilmişdir. Bakı Dövlət Sirkinin rəhbərliyi qanuna müvafiq qaydada ixtisara düşmüş işçilərə Əmək Məcəlləsinin 77 və 78-ci maddələrinə müvafiq olaraq lazımı tədbirlər görmüşdür, üstünlük verilən işçilərə imkan dairəsində peşələrinə uyğun vəzifələr təklif etmişdir, qalan ixtisara düşmüş işçilərə müvafiq kompensasiyalar ödənilmişdir. Qeyd etmək istəyir ki, kompensasiyaların verilməsi may ayının 19-da həyata keçirilmişdir. Kompensasiyaların ştatların ixtisar günündən ödənilməsinə qədər bir aya yaxın müddətə gecikdirilməsi, Bakı Dövlət Sirkinin rəhbərliyindən asılı olmayan obyektiv səbəblər üzündən baş vermişdir. Belə ki, əmək haqqı dotasiyalarının Mədəniyyət Nazirliyi tərəfindən köçürülməsi may ayına təsadüf etmişdir. Təqdim edilən sənədlərdən də göründüyü kimi, 2021-ci ilin may ayının 19-da dotasiya müəssisənin hesabına köçürülmüşdür və həmin gündə müvafiq ödənişlər edilmişdir. İXM-nin 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni vaxtda həmin məcəllənin 10-cu maddəsində deyilir ki, dövlət orqanları inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmçinin həmin Məcəllənin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu Məcəllənin 32-ci maddəsində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar qeyd edilmiş, xətanın qəsdən edilməməsi, şəxsdən asılı olmayaraq obyektiv səbəblərdən törədilməsi, ilk olaraq baş verməsi, şəxsin şəxsiyyəti və digər hallar nəzərə alınmalıdır. Hesab edirik ki, əmək müfəttişliyi tərəfindən inzibati xətanın törədilməsi qənaətinə gəlməsi, yuxarıda göstərilən bütün obyektiv halları məcmuə şəklində nəzərə almamış, faktiki olaraq xətanın törədilməsinin qəsdi olmamış, müəssisə ilə işçilər arasında vəsaitin gec ödənilməsində razılıq əldə edilmişdir. Odur ki, X4 barəsində qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, Bakı Dövlət Sirkinin keçmiş işçisi Elçin Quliyevin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar etdiyi müraciət tərəflərindən araşdırılmışdır. Aparılan araşdırma zamanı Elçin Quliyevin Bakı Dövlət Sirki tərəfindən işə götürüldüyü, sonradan əmək müqaviləsinə xitam verildiyi, lakin son haqq-hesabı qanunvericiliyin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilməməsi məlum olmuşdur. Bakı Dövlət Sirkinin direktoru X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulduğundan onun barəsində həmin Məcəllənin 192.4-cü maddəsi ilə 13 avqust 2021-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul olunmuş və X4 700 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Ona görə də, şikayətin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə lazımi qaydada məlumat verilsə də, şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayətçinin şikayət ərizəsini nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək iş materiallarını araşdırmaqla hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən Bakı Dövlət Sirkinin keçmiş işçisi Elçin Quliyevin qeyd olunan müəssisə tərəfindən işə götürüldüyü, sonradan əmək müqaviləsinə xitam verildiyi, lakin son haqq-hesabı qanunvericiliyin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilməməsi məlum olmuşdur. Həmçinin, işin faktiki hallarından və inzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Dövlət Sirkinin icraçı direktoru X4 tərəfindən pozulduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinməsinə dair 13 avqust 2021-ci il tarixli protokol tərtib edilmiş, həmin protokola əsasən 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla sonuncunun barəsində 700 manat inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı Dövlət Sirkinin direktoru X2 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə təqsiri sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul olunmuş inzibati xəta haqqında 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün əsas olmadığına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı Dövlət Sirkinin direktoru X2 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Bakı Dövlət Sirkinin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 17 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar