Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2287/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs 24539262,25 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bank hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 24539262,25 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokola əsasən, Şəxs MMC tərəfindən 24539262,25 Rusiya rublu məbləğində vəsait bank vasitəsi ilə 13 dekabr 2022-ci il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 24539262,25 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş protokol əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən bu halların heç biri Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs "xxxx" ASC-də olan hesabından “PAO MAGNİTOGORSKLİ” şirkətinin müvafiq hesabına 24539262,25 Rusiya rublu ödəniş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində ödəniş günündən 02 (iki) il müddətində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, pul köçürmə ərizəsi ilə, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 24 fevral 2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 24539262,25 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsaitin müqabilində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamış və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 24 fevral 2025-ci tarixli məktubla aidiyyatı üzrə məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməməsi barədə məlumatlı olmuş və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 17 mart 2025-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərəfindən inzibati xəta hadisəsi isə 14 dekabr 2024-cü il tarixdə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2287/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2287/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver