Məhkəmə qərarları › İş №3(006)-2288/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2288/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2288/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət yol polisi şöbəsi YPX inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, 2-li X3 küçəsi, 2-ci döngə, ev 25E ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 333-1.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 15:10-da Bakı şəhəri, S.Vurğun küçəsində Şəxs idarə etdiyi “Changan CS Plus minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil xidməti zərurətlə əlaqədar saxlanılmış və sonuncu özünü şübhəli apardığından həkim müayinəsinə təqdim edilmiş və avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olmuşdur. Ona görə də Şəxs barəsində İXM-in 333-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 15:10-da “Changan CS Plus minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən dayanma-durma qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış və daha sonra ona həkim müyainəsinə getməsinbə zərurət olduğunu bildirmişlər. Bundan sonra həkum müayinəsindən keçirilmiş və əvvəllər istifadə etdiyi psixotrop maddələr onun qanından analiz nəticəsində aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 iyun 2024-cü il tarixdə idarə etdiyi “Changan CS Plus minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 333-1.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2024-cü il tarixli 1/517 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs tibbi müayinədən keçirilmiş, tibbi müayinə nəticəsində THC (+), AMP (+), MOP (+) və MET (+) aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 may 2024-cü il tarixdə idarə etdiyi “Changan CS Plus minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 333-1.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2024-cü il tarixdə psixotrop maddələrdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi öz təsdiqini tapır. Lakin, məhkəmə hesab edir ki, səlahiyyətli orqan onun həmin əməlini İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, Şəxs 20 may 2024-cü il tarixdə idarə etdiyi “Changan CS Plus minik” markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 333-1.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə protokol üzrə qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh barədə qərarı qanuni qüvvəsini almamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul olunduqdan sonra 20 gün müddətinə qanuni qüvvəsini alır. Şəxs tərəfindən növbəti inzibati xəta hadisəsi isə xx.xx.2024-cü il tarixdə yəni, onun barəsində birinci dəfə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən 20 gün keçmədikdən sonra baş vermişdir. Maddənin məzmunundan göründüyü kimi, şəxsin əməlində o halda İXM-nin 333-1.2ci maddəsinin tərkibi yarana bilər ki, o, İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətsin. Belə olan halda məhkəmə hesab edir ki, hazırki material üzrə Şəxs istinad edilən əməldə İXM-in 333-1.2-ci maddəsinin deyil, həmin Məcəllənin 333-1.1-ci maddəsinin tərkibi mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 333-1.2-ci maddəsindən həmin Məcəllənin 333-1.1-ci maddəsinə tövsif edilməlidir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Ona görə də, o, İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi nəzərə alınmaqla, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar