Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2288/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs 1500000,00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bank hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 1500000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X2 yazılı etiraz təqdim edərək ona uyğun izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş barəsində inzibati xətalar haqqında icraat aparılan Şəxs MMC-nə tərtib olunmuş 17 mart 2025-ci il tarixli EP ******* saylı protokola əsasən inzibati xəta haqqında işə baxılır. Həmin protokola əsasən, “ANTİK GROUP" MMC tərəfindən 1500000.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsi ilə 13 dekabr 2022-ci il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 1500000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 17 mart 2025-ci il tarixli EP ******* saylı protokol əsassızdır. Belə ki, “ANTİK GROUP" MMC ilə "xxxx" MMC arasında 01-2020 saylı, xx.xx.2020-ci il tarixli Alqı-Satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, satıcı "xxxx" MMC tərəfindən göndərilmiş kənarlı və kənarları kəsilməmiş taxta materiallarını alıcı Şəxs MMC tərəfindən qəbul edilərək ödəməlidir. Həmin müqaviləyə əsasən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ******* Rusiya rublu "xxxx" MMC-nə avans olaraq ödəniş olunmuşdur. Lakin müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən və ödənilmiş avans məbləği müqabilində mal 2022-ci ilin dekabr ayında Azərbaycan Respublikasının sərhəd gömrük məntəqəsinə daxil olduqda, Gömrük orqanı tərəfindən müddəti bitmiş müqavilə qəbul edilmədiyi üçün tərəflər arasında eyni şərtlərlə 01-2022 saylı, xx.xx.2022ci il tarixli Alqı-Satqı müqaviləsi bağlanılaraq gömrük məntəqəsinə təqdim olunmuşdur. Məhz bu səbəbdən, xx.xx.2023-cü il tarixli **********1263 nömrəli gömrük bəyannaməsində xx.xx.2022-ci il tarixli müqavilə qeyd olunaraq, “çatdırılma şərtləri” bölməsində DAP olaraq “100” əvəzinə “120” qeydi ilə qeydiyyatdan keçmişdir. Halbuki, həmin müqaviləyə əsasən, Şəxs MMC tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə 600000 Rusiya rublu, daha sonra, xx.xx.2023-cü il tarixdə 642116 Rusiya rublu "xxxx" MMC-nə ödəniş olunmuşdur. Gömrük bəyənnamədə “çatdırılma şərtləri” bölməsində göstərilən “100” və ya “120” qeydlərinin fərqi ondan ibarətdir ki, əgər malın pulu əvvəlcədən avans olaraq ödənildikdə bəyannamədə “100” qeyd olunur və malın pulu mal gəldikdən sonra ödənildikdə, “120” qeydi aparılır. Beləliklə, hazırki mübahisənin predmeti ondan ibarətdir ki, barəsində inzibati icraat aparılan şəxs tərəfindən müddəti bitmiş müqavilə əsasında malın gətirilməsi ilə bağlı avans ödənişi edilmişdir və həmin avansa əsasən mal ölkəyə daxil olmuş, lakin qeydiyyat yeni müqavilə əsasında aparılmışdır. Halbuki, həmin yeni müqavilə əsasında ilk ödəniş iki ay sonra, xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2023-cü il tarixli **********1263 nömrəli gömrük bəyannaməsinə əsasən, barəsində inzibati icraat aparılan şəxs tərəfindən ödənilmiş 15000000 Rusiya rubulu müqabilində ölkəyə ******* Rusiya rublu dəyərindən mal gətirilmişdir. Geri qaytarılmayan malın dəyəri 280 992 Rusiya rublu təşkil edir. Bu səbəbdən hesab edir ki, barəsindən inzibati icraat aparılan Şəxs MMC yalnız geri qaytarılmayan 280992 Rusiya rublu münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinə bilər. Xüsusi ilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılmasına, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasılnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixli **********1263 saylı gömrük bəyannəməsi ilə təsdiq olunur ki, Şəxs MMC 13 dekabr 2022cı il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş ******* Rusiya rublu məbləğindən vəsait hesabına alınan taxta materiallarının ******* Rusiya rublu dəyərində qanunla müəyyən edilmiş müddət ərzində ölkəyə idxal etmişdir ki, bu da öz növbəsində həmin məbləğ üzrə sonuncuya münasibətdə inzibati xətanı istisna edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən bu halların heç biri "xxxx" MMC-nin təqsiri üzündən baş vermədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs "xxxx" ASC-də olan hesabından “SİBLESPROEKT KRASNOARSKLİ KRAİ” şirkətinin müvafiq hesabına 1500000,00 Rusiya rublu ödəniş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində ödəniş günündən 02 (iki) il müddətində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, pul köçürmə ərizəsi ilə, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 25 fevral 2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 1500000,00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsaitin müqabilində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamış və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 25 fevral 2025-ci tarixli məktubla aidiyyatı üzrə məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı Şəxs müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməməsi barədə məlumatlı olmuş və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 17 mart 2025-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərəfindən inzibati xəta hadisəsi isə 14 dekabr 2024-cü il tarixdə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2288/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2288/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver