Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2289/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi EQ seriyalı 21283825 nömrəli, 21 may 2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Baş Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi EQ seriyalı 21283825 nömrəli, 21 may 2024-cü il tarixli qərarından şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 20 may 2024-cü il tarixdə EQ 21268527 saylı qərarla İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, qərar qanusnuz və əsassız olduğuna görə ləğv olunmalıdır. İlk öncə qeyd edir ki, qanunvericilikdə birtərəfli hərəkət istiqaməti olan yollarda avtonəqliyyat vasitəsinin geriyə hərəkətini qadağan edən heç bir tələb yoxdur. Bundan əlavə olaraq, geriyə hərəkət zamanı heç bir iştirakçıya maneə yaratmamış və heç bir təhlükəsizlik qaydasını pozmamışdır. Həmin yol geniş olduğundan heç bir problem yaranma imkanı yoxdur və həmçinin tıxac və ya sıx avtomobil hərəkəti də həmin küçədə nümayiş olunmur. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 13-cü bəndinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Həmin Qanunun 42-ci maddəsinin 14-cü hissəsinə əsasən yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Həmin qanunun 42-ci maddəsinin 12-ci hissəsinə əsasən piyada keçidlərində, tunellərdə, körpülərdə, estakadalarda və onların altında, dəmiryol keçidlərində, ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə və ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə geriyə dönmək qadağandır. Qanunvericilikdə olan halların heç biri avtomobili ilə geriyə hərəkəti istisna etmir və geriyə hərəkətə görə qanunvericilikdə heç bir sanksiya nəzərdə tutulmamışdır. DİN BDYPİ bu məsələ üzrə qərəzli qərar qəbul etmiş və tənbeh verilməsi mümkün olmayan hərəkəti başqa hərəkət kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Onun qeyd olunan inzibati pozuntunu törətmədiyi nəzərə alınaraq, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən yazılmış 21 may 2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş X2 şikayəti müdafiə edərək 21 may 2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi EQ seriyalı 21283825 nömrəli, 21 may 2024-cü il tarixli qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi EQ seriyalı 21283825 nömrəli, 21 may 2024-cü il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Belə ki, inzibati xətanın baş verməsini videogörüntü olmadan müəyyən edilməsi mümkün deyildir. Rüstəm Rəhimovun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə qərarda belə bir sübutdan istifadə edilməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Rüstəm Rəhimovun üzərinə düşmədiyindən və sonuncu tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən sübut müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, onun EQ seriyalı 21283825 nömrəli, 21 may 2024-cü il tarixli qərar əsasında Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, Rüstəm Rəhimovun İXMnin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir, buna görə də onun hərəkətlərində həmin maddə ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından tərtib edilmiş EQ seriyalı 21283825 nömrəli, 21 may 2024-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasını təsdiq edən sübut olmadan formal mülahizələrə əsasən onu inzibati məsuliyyətə cəlb etmişdir. Ona görə də, şikayət təmin edilərək Baş Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi EQ seriyalı 21283825 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ləğv edilməli və X1 Azərbaycan Respublikası İXMin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsinin qəbul etdiyi EQ seriyalı 21283825 nömrəli, 21 may 2024-cü il tarixli qərar ləğv edilsin və X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2289/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2289/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver