Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2289/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, tələbkar X1 nümayəndəsi və vəkili X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-cİ il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-387/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər "xxxx" MMC və X5 tərəfindən ünvan 2 fərdi yaşayış evində hər hansı bir tikinti, söküntü, təmir işlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi qadağan edilmiş, həmçinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(006)-61/2022 saylı icra vərəqəsinə əsasən e-2(006)-1960/2022 saylı mülki işə məhkəmədə baxılıb qurtaranadək ərizəçi X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 176 saylı evin sökülməsi, zədələnməsi və yararsız hala salınması kimi hərəkətlərin edilməsi "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Lakin "xxxx" MMC-nin direktoru Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X8 bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-387/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlə "xxxx" MMC və X5 tərəfindən ünvan 2 fərdi yaşayış evində hər hansı bir tikinti, söküntü, təmir işlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi qadağan edilmiş, həmçinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(006)- 61/2022 saylı icra vərəqəsinə əsasən e-2(006)-1960/2022 saylı mülki işə məhkəmədə baxılıb qurtaranadək ərizəçi X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 176 saylı evin sökülməsi, zədələnməsi və yararsız hala salınması kimi hərəkətlərin edilməsi "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən icra edilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə xx.xx.2024-cü il tarixli, 16(006)-387/2024 saylı icra sənədi üzrə tələbkarın müraciəti əsasında ünvan 2 fərdi yaşayış evinə baxış keçirilən zaman tələbkara məxsus evin ərazisində borclu "xxxx" MMC tərəfindən tikinti işlərinin aparılması və tələbkara məxsus evin tamamilə sökülərək taxtadan hazırlanmış hasara alınması müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, tərtib edilmiş protokolun qərəzli olduğunu hesab edirlər. Belə ki, "xxxx" MMC ilə tələbkar X1 oğlu X5 arasında 22 may 2024-cü il tarixli müqavilə bağlanmışdır. Daha sonra X4 Həmzəyevə qarşı həmin müqavilənin etibarsız hesab edilməsi iddiası ilə məhkəmədə iddia qaldırmış və iddiası 11 aprel 2025-ci il tarixdə rədd edilmişdir. Söküntü ilə bağlı isə qeyd etmişdir ki, ünvan 2 fərdi yaşayış evi onlar tərəfindən sökülməmişdir. Hazırkı icra sənədi üzrə tələb həm "xxxx" MMC-yə, həm də X3 qarşı yönəlmişdir. Hesab edir ki, Nurlan Həmzəyevin də izahatı alınmalı idi. Belə ki, bəzən sakinlər özləri evlərini sökür və tikinti materiallarını götürürlər. Lakin hal-hazırda həmin ərazidə "xxxx" MMC tərəfindən tikinti işləri aparılır. X6 mülkiyyətində olan əmlakla bağlı isə bildirmişdir ki, həmin işlə bağlı 2022ci ildən məhkəmə mübahisəsi gedir. Qarşı tərəf sərəncamın etibarsızlığı ilə bağlı iddia qaldırmış və iş üzrə icraat dayandırılmışdır. Həmin evdə kanalizasiya və su borularının sızması nəticəsində torpaq sürüşməsi baş verib. Həmin evdə baş verən sürüşmənin "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X1 nümayəndəsi və vəkili izahatında göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-387/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər "xxxx" MMC və X5 tərəfindən ünvan 2 fərdi yaşayış evində hər hansı bir tikinti, söküntü, təmir işlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi qadağan edilmişdir. İcra sənədi icraata götürüldükdən sonra icra məmuru ilə birlikdə həmin ünvana gedilmiş və baxış keçirilərək akt tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Həmçinin cavabdehə icra sənədinin mahiyyəti izah edilmişdir. Lakin buna baxmayaraq həmin ev tamamilə sökülmüş və "xxxx" MMC tərəfindən orada binanın tikintisinə başlanmışdır. Göründüyü kimi, "xxxx" MMC icra sənədini icra etməmişdır. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-16(006)- 387/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər "xxxx" MMC və X5 tərəfindən ünvan 2 fərdi yaşayış evində hər hansı bir tikinti, söküntü, təmir işlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi qadağan edilmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlamaq haqqında qərarın surəti təqdim edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-16(006)-387/2024 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-16(006)-387/2024 saylı icra sənədinin icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2024cü il tarixli aktın surətindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanda yerləşən ev yarı sökülü vəziyyətdədir, yəni evin qabaq hissəsi sökülüb, arxa hissəsində divarlar və tavan hissəsi qalıb. Qərarın mahiyyəti tərəflərə izah olunmuş, borcluya sözügedən evdə tikinti, söküntü və təmir işlərinin aparılması qadağan edilmiş və məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-16(006)-387/2024 saylı icra sənədinin icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2025ci il tarixli aktın surətindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanda söküntü işləri aparılmış və qeyd olunan ev sökülərək taxtadan hazırlanmış hasara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(006)-61/2022 saylı icra vərəqəsinə əsasən e-2(006)-1960/2022 saylı mülki işə məhkəmədə baxılıb qurtaranadək ərizəçi X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 176 saylı evin sökülməsi, zədələnməsi və yararsız hala salınması kimi hərəkətlərin edilməsi "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" MMC-yə icraata başlamaq haqqında qərarın surəti təqdim edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(006)-61/2022 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC-nin direktoru Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-16(006)-387/2024 saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2289/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2289/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver