Məhkəmə qərarları › İş №3(006)-2302/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2302/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2302/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru, polis mayoru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Əfəndiyeva Günel Rövşən qızına sosial şəbəkə (whatsapp) vasitəsi ilə əxlaqsız təkliflər edərək ictimai qaydanı pozmuş, özünü kobud aparmış, onunla aparılan söhbətlərdən nəticə çıxarmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə inspektoru, polis mayoru – X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə bölməyə vətəndaş X2 şikayət ərizəsi daxil olmuş, şikayətin mahiyyəti ondan ibarət olmuşdur ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Əfəndiyeva Günel Rövşən qızı övladları ilə birlikdə BOLT xidmətindən taksi sifariş vermiş, sonra həmin taksi sürücüsü ********** nömrəsinin sosial şəbəkə (whatsapp) vasitəsi ilə həyat yoldaşını narahat etmişdir. Bununla bağlı araşdırma aparılmış, həmin X2 izahatı alınmış, həmin izahat əsasında onun həyat yoldaşını narahat edən şəxsin 10NO766 dövlət qeydiyat nişanlı, “Mercedes» markalı avtomobili idarə edən Şəxs olması müəyyən olunmuşdur. Həmin şəxs bölməyə dəvət olunmuş, onun izahatı alınarkən, həqiqətən onun BOLT taksi xidmətində özünə məxsus 10NO766 dövlət nömrə nişanlı, «Mercedes» markalı avtomobillə xidmət göstərməsi, xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində sifariş əsasında H.Əliyev prospektindən bir nəfər xanımı götürərək Şüvəlan qəsəbəsinə apardığını, yolda gedərkən həmin xanımın onu söhbətə tutmasını, sonradan həmin xanmın nömrəsinə mesaj ataraq onu Şüvəlanda yerləşən bağa dəvət etməsini etiraf etmişdir. Etdiyi əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan tərəfimdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq vətəndaş Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünə məxsus 10NO766 dövlət qeydiyyat nişanlı, «Mercedes» markalı avtomobillə BOLT xidməti vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində H.Əliyev prospektindən Şüvəlan qəsəbəsinə sifariş qəbul etmiş, həmin sifariş bir xanım tərəfindən verilmiş, xanım avtomobilə oturduqdan sonra onu söhbətə tutub, o isə ona əhəmiyyət verməmişdir. Xanıma göndərdiyi mesaj səhvən olubdur. Onu xalası oğluna göndərmək istəmiş, lakin səhvən xanımın nömrəsinə gedibdir. Sonradan zəng vuraraq etdiyi səhvə görə üzr istəmişdir. Xanımı narahat etmək niyyəti olmayıbdır. İndi etdiyi hərəkətə görə peşman olduğunu bildirərək ədalətli qərar verilməsini məhkədən xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, Əfəndiyeva Günel Rövşən qızına sosial şəbəkə (whatsapp) vasitəsi ilə əxlaqsız təkliflər edərək ictimai qaydanı pozmuşdur. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00 tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (raport, izahatlar və.s) sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlər etmiş, Bununla da, Quliyev X3 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X3 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində maddənin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 12:00-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar