Məhkəmə qərarları › İş №3(006)-2306/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2306/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2306/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X6 nümayəndəsi X1 iştirakları ilə «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 170, mənzil 66; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 214.137,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X6 nümayəndəsi X4 izahatında göstərdi ki, «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 ilə Türkiyədə fəaliyyət göstərən “X5 Sistemleri LTD” şirkəti arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanılmışdır. Bu müqavilə üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 080421 saylı proforma-invoysla bağlı həmin şirkətin hesabına xx.xx.2020-ci il tarixdə X6 "xxxx" ASC-də olan hesabından 214.137,00 ABŞ dolları pul köçürülmüşdür. Bu ödənişlə bağlı əldə edilmiş mal gecikmə ilə də olsa xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmiş və bu işdə «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X6 təqsiri olmamışdır. İdxal olunmuş yüklə bağlı gömrük bəyannaməsi rəsmiləşdirilərək banka təqdim olunmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan:  "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Mərkəzi Banka təqdim edilmiş məlumatda «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8-nin xx.xx.2020-ci il tarixdə 214.137,00 ABŞ dolları göndərildiyi, lakin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi qeyd olunmuşdur;  Köçürmə sənədinə əsasən «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 tərəfindən Türkiyədə yerləşən “X5 Sistemleri LTD” şirkətinin hesabına xx.xx.2020-ci il tarixli müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, 080421 saylı proforma-invoys əsasında xx.xx.2020-ci il tarixdə qabaqcadan ödəniş kimi 214.137,00 ABŞ dolları məbləğində pul göndərilmişdir;  “X5 Sistemleri LTD” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 080421 saylı proforma-invoysa görə sifariş verilmiş mallatrın dəyəri 305.910,00 ABŞ dolları təşkil edir;  01221000221443 saylı gömrük bəyannaməsinə görə Türkiyədə yerləşən “X5 Sistemleri LTD” şirkəti tərəfindən «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X9 xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2020-ci il tarixli proforma-invoys üzrə göndərilmiş 305.910,00 ABŞ dolları dəyərində mallar xx.xx.2022-ci il tarixdə ölkəyə idxal olunmuşdur və "xxxx" ASC tərəfindən bu sənəd üzərində aparılmı qeydlərdə xx.xx.2020-ci il tarixli 214.137,00 ABŞ dolları avans ödəmənin bağlanılması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə müəyyən edilir ki, «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 Türkiyədə yerləşən “X5 Sistemleri LTD” şirkətinin hesabına xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixli, 080421 saylı proforma-invoys əsasında xx.xx.2020-ci il tarixdə 214.137,00 ABŞ dolları məbləğində pul göndərmiş və bu vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar