Məhkəmə qərarları › İş №3(006)-2321/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2321/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2321/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati İcraat İdarəsinin aparıcı mütəxəssisi X2 tərəfindən 30 avqust 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 10000,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 06.08.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 10000,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 məhkəməyə yazılı etiraz təqdim edərək ona uyğun verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin aparıcı mütəxəssisi X2 tərəfindən 30.08.2021-ci il tarixdə "xxxx" MMC barədə İXM-nin 430.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında 30.08.2021-ci il tarixli. MN ******* saylı protokol tərtib edilmişdir. Şəxs MMC Azərbaycan Respublikasında pərakəndə satış sahəsində biznes fəaliyyətinə “RAHAT" market əmtəə nişanı ilə başlamışdır. Ölkədə gedən iqtisadi inkişaf və dövlətin birbaşa sahibkarlıq subyektlərinə dəstəyi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli və münbit şərait yaradılması pərakəndə satış sahəsinə də müsbət təsir göstərmişdir. Az sayda pərakəndə satış obyektləri ilə fəaliyyətə başlayan "Rahat” marketlər şəbəkəsi bu gün üçün ölkənin aparıcı pərakəndə satış şəbəkəsinə çevrilmiş və əməkdaşlarının sayını 2500 çatdıraraq əhaliyə yüksək səviyyəli xidmət göstərmişdir. "xxxx" MMC-nin yeni layihələrindən biri də Bakı şəhəri, Neftçilər prospekti 68 ünvanında tikilən və ölkədə analoqu olmayan “Crescent“ Ticarət Mərkəzində Rahat Marketin açılması olmuşdur. Bununla əlaqədar olaraq hələ 2019-cu il tarixdə Ticarət Mərkəzinin Sifarişçi və Podratçısı ilə ilkin icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 2020-ci ilin sentyabr ayında təhvil veriləcək ticarət mərkəzində müasir dizayna uyğun olaraq yeni “Rahat” adlı marketin açılması planlaşdırılmışdır. Həmin müqavilə əsasında şirkət tikiləcək Ticarət Mərkəzində müasir Avropa standartlarına uyğun şəkildə tərtib olunmuş “Rahat” adlı market açmaq üçün Litva Respublikasının hüquqi şəxsi olan “X6ç UAB” MMC ilə yeni marketin texnoloji, interyer və interyerin texniki layihələrinin hazırlanması barədə 15.07.2019-cu il tarixli müqavilə imzalamışdır. Bu layihə}ə əsasən görüləcək işlər 3 hissədən ibarət olmuş, xidmət haqqı isə 35000 (otuz beş min) avro müəyyən olunmuşdur. Bu müqaviləyə əsasən "xxxx" tərəfindən 06.08.2019-cu il tarixdə “Rycio” şirkətinə 10000 (on min) avro ödəniş edilmişdir. "Rycio" şirkəti tərəfindən işlər yekunlaşdırılmış və xidmətin göstərilməsi barədə 23.12.2019-cu il tarixdə ilkin, 30.09.2020-ci il tarixdə isə yekun akt verilmişdir. 2020-ci ilin mart ayından etibarən dünyada ÜST tərəfindən elan olunan COVİD-19 pandemiyası və bundan sonra Azərbaycan Respublikasında elan olunan pandemiya şəraiti həm obyektin tikintisinin, həm xidmətlərin göstərilməsinin, həm də onlar tərəfindən ödənişlərin gecikdirilməsinə səbəb olmuşdur. Qeyd edilir ki, bu gün üçün də "Crescent" Ticarət Mərkəzi istifadəyə verilməmişdir. İşin görülməsi aktları pandemiya şəraiti ilə əlaqədar olaraq banka vaxtında göndərilməmişdir. Bu səbəbi də əsas götürərək Mərkəzi Bank onların barəsində yuxanda göstərilən protokol tərtib etmişdir. İXM-nin protokolun tərtib edilməsi ilə bağlı tələblərə inzibati orqan tərəfindən əməl edilməmişdir. İnzibati protokol tərtib edilmiş hüquqi şəxs olan "xxxx" MMC-nin nümayəndəsi protokolun tərtibində iştirak etməmişdir və prosessual pozuntularla inzibati protokol tərtib edilmişdir. ölkə xaricinə ödənilmiş 10000 (on min) avro məbləğində ödənişlə bağlı müvafiq iş görülməsi aktı zamanında banka təqdim edilməmişdir. Bunun da səbəbi ölkədə və dünyada elan olunmuş COVİD-19 pandemiyasıdır. Bu səbəbdən həm xidmətlərin göstərilməsi, həm də ödənişin edilməsi, həm işin görülməsi aktı, həm də ölkədə olan ən böyük ticarət mərkəzi layihəsi olan “Crecent” istismara verilməsi gecikmişdir. Bunun üçün də fikrimizcə bizim halda inzibati xəta əlaməti formal olaraq mövcuddur. Təqsirsiz olaraq və ya onların iradəsindən asılı olmayaraq baş vermiş nöqsan inzibati məsuliyyətə səbəb olmamalıdır. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən olunması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi və "Azərbaycan Respublikası reizidentlərinin xarici valyutada, habelə qeyr-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3cii yarımbəndinə dair 28.02.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, İXM-nin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən etmişdir. Bundan başqa, idxal zamanı hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün əsas deyildir. Bununla bağlı Konstitisiya Məhkəməsinin Plenumu İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlbetmə müddətləri baxımından şərh edilməsinə dair 2019-cu ilin 19 dekabr tarixli qərarında qeyd etmişdir ki, İXM yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərinin ehtiva edən əməli törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydaları ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxslərin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər, (forsmajor, qəza, gömrük nəzarəti və baxışının gecikdirilməsi) buna görə də işin bütün halları nəzərə alınmaqla formal tərkib istisna edən hal kimi nəzərə alına bilər. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən “RUSİO CİMKAUS STUDİO” şirkətinin müvafiq bank hesabına 10000,00 Avro ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən təsdiq olunmuş 14 sentyabr 2021ci il tarixli, PB/BPŞ-OUT-00872-2021 saylı məktubun surətindən görünür ki, Şəxs MMC ilə “X6, UAB” arasında imzalanmış 15 iyul 2019-cu il tarixli müqavilə üzrə xidmətlərin göstərilməsi ilə bağlı 23 dekabr 2019-cu il tarixli ilkin və 30 sentyabr 2020-ci il tarixli yekun akt 28.08.2021-ci il tarixdə "xxxx" ASC-yə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 30 avqust 2021-ci il tarixdə tərtib edilənədək həmin MMC tərəfindən 10000,00 Avro məbləğində xidmətlər qanunvericilikdə nəzərdə tutulan müddətdə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar