Məhkəmə qərarları › İş №3(006)-2326/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2326/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2326/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 2003-cü ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndində yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanın qarşısında geriyə hərəkət etdirən zaman avtomobilin arxa hissəsi ilə onunla eyni zolaqda arxada dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan M50” markalı mopedin ön hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:40 radələrində etibarnamə ilə idarə etdiyi özünə məxsus “Toyota Prius” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısında düzünə hərəkətdə olan zaman avtomobili yolun sağ hissəsində saxlamış, daha sonra geriyə hərəkət etdirmək istədikdə avtomobilin arxa hissəsi ilə sonradan gördüyü “Tufan M50” markalı mopedə toxunmuşdur. Bundan sonra o, avtomobildən enərək həmin şəxsə yaxınlaşdıqda mopedi idarə edən şəxs ondan 40 (qırx) manat pul istəmişdir. O, həmin şəxsə pulunun olmadığını və tələsdiyini bildirmiş, lakin həmin şəxs əlində olan mobil telefonla onun avtomobilinin qeydiyyat nişanının fotoşəklini çəkmiş, bu zaman, o, həmin şəxsə öz mobil nömrəsini verdikdə mopedin sürücüsü nömrəni qeyd etməyə ehtiyacı olmadığını bildirmişdir. Daha sonra, o, avtomobilə əyləşərək öz yoluna davam etmişdir. Buna baxmayaraq, sonradan zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə icraata dair barəsində cərimə cəzasının qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:40 radələrində özünə məxsus “Tufan M50” markalı mopedlə ünvan 1 ünvanın qarşısında düzünə hərəkətdə olan zaman “Toyota Prius” markalı 77-GR- 248 dövlət qeydiyyat nişanlı avtomobil qarşıda dayanmışdır. Bu zaman, yolda olan tıxacı nəzərə alaraq, o da idarə etdiyi mopedi saxlamışdır. Daha sonra, o, sola manevr edib getmək istəyərkən “Toyota Prius” markalı avtomobilin sürücüsü avtomobili arxaya hərəkət etdirərək mopedin sağ yan hissəsinə vurmuş, həmin vaxt onun sağ ayağı xəsarət almışdır. “Toyota Prius” markalı avtomobilin sürücüsü avtomobildən enərək ona yaxınlaşmış o, həmin şəxsə özünün xəsarət almasını və mopedinə ziyan dəyməsini bildirmiş, lakin həmin vaxt aralarında hadisəyə görə mübahisə yaranmışdır. Buna baxmayaraq, Şəxs sonradan ona dəymiş ziyanı ödəmiş və aralarında barışıq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 tərəfindən verilən 426 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – sağ baldırın əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdir, qərarın təsviri hisssəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Zaur Hacızadə tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-325 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ axtarış üzrə inspektoru X1 tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar