Məhkəmə qərarları › İş №3(006)-2328/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2328/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2328/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1959-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Masallı rayonu, Qızılavar kəndində yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs 27 aprel 2022-ci il tarixdə, saat 13:30 radələrində idarə etdiyi özünə məxsus “Mercedes” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yolayırıcı üfüqi nişanlanma xəttinin qarşısından geriyə dönmək üçün sol istiqamətdə gözləmədən əks istiqamətli yola keçmiş və nəticədə qarşıdan düzünə hərəkətdə olan sürücü X1 idarə etdiyi “Khazar” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkər və qanad hissəsindən toqquşaraq “Khazar” markalı avtomaşının idarəetməsini itirməklə digər istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota RAV-4” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla eyni zamanda yol kənarında dayanmış vəziyyətdə olan “Renault” markalı **- JB-*** dövlət qeydiyyat nişanlı və Kia Pikanto markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq avtomaşınlara maddi ziyan yetirilməsinə və sürücü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində, o, özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, “Mercedes Benz 270” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində Səhiyyə Nazirliyinin qarşısında yolun sağ kənarından dayandığı yerdən hərəkətə başlayıb qırıq xətlər olan hissədən sol istiqamətdə əks istiqamətli yola keçmək üçün manevr etdikdə ehtiyatsızlıq nəticəsində əks istiqamətli yolda düzünə hərəkətdə olan “Khazar” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanad və təkərətrafı hissəsindən idarə etdiyi avmaşının ön sol hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Khazar” markalı avtomobil istiqamətini dəyişərək əks istiqamətə keçməklə hərəkətdə olan “Toyota Rav-4” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla və yolun kənarında dayanmış vəziyyətdə olan digər “Renault” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində “Toyota Rav-4” markalı avtomobilin qadın sürücüsü xəsarət almışdır. Hadisə yerinə təcili yardım həkimləri çağırılaraq həmin şəxsi müayinə üçün xəstəxanaya aparmışlar. Hadisə ani bir vaxtda ehtiyatsızlıq nəticəsində baş vermişdir. O, sola dönmə işıq cihazlarını yandırmaqla yolun qırıq xətlərlə dönmək üçün icazə verən hissəsindən manevr etmişdir, həmin vaxt sağ tərəfdən hərəkətdə olan “Khazar” markalı avtomaşını görməmişdir, həmin avtomaşın sürətlə anidən qarşısına çıxdıqda hadisə baş vermişdir və bu səbəbdən qarşısını ala bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə icraata dair barəsində cərimə cəzasının qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, 23 aprel 2022-ci il tarixində Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətə görə şikayətçi olmadığını və hadisə ilə bağlı heç bir iddiasının olmadığı bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 tərəfindən verilən 529 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol aşıq-baldır oynağı nahiyəsinin həmin oynağın hemartrozu və hərəkət məhdudluğu ilə müşayiət olunan sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümümilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-402 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru X2 tərəfindən tərtib edilmiş 20 iyun 2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar