Məhkəmə qərarları › İş №3(006)-2331/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2331/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2331/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əasən Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati İcraat İdarəsinin aparıcı mütəxəssisi X3 tərəfindən 31 avqust 2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 146328,05 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 07.08.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 146328,05 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə yazılı etiraz təqdim edərək ona uyğun verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında 31 avqust 2021-ci il tarixli MN ******* nömrəli Protokolda qeyd olunmuşdur ki, "xxxx" QSC 146.328,05 Avro məbləğində vəsaiti 07 avqust 2019-cu il tarixdə xaricə köçürmüş, 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, nəticədə "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "xxxx" QSC ilə “Thales Six GTS France S.A.S. şirkəti arasında ““Xocəsən” Elektrik deposunda işarəvermə və rabitə sistemlərinin (və onun “B-01” stansiyası ilə birləşdirilməsinin) həyata keçirilməsi üçün avadanlıqların təchizatı və əlaqədar xidmətlərə dair" 12.500.000,00 (on iki milyon beş yüz min) Avro dəyərində 11.03.2019-cu il tarixli BM/Pİ/XM- 19-37 nömrəli müqavilə imzalanmışdır. Müqavilə məbləğinin 11.958.044,27 Avro hissəsi malların (avadanlıqların) təchizatı, 541.955,73 Avro isə işin dəyərini təşkil edirdi. Müqavilənin şərtinə əsasən Müqavilənin ümumi qiymətinin 30 %-i həcmində, yəni 3.750.000 Avro "xxxx" QSC tərəfindən avans olaraq 07.08.2019-cu il tarixində ödənilmişdir. İkinci ödəniş isə 18.12.2020-ci il tarixində olmuş və bu məbləğ 2.800.000,00 Avro təşkil etmişdir. Müqavilə üzrə "xxxx" QSC tərəfindən ümumilikdə 6.549.999,93 Avro ödəniş edilmişdir. Halbuki “Thales Six GTS France S.A.S. şirkəti tərəfindən "xxxx" QSC-yə ümumilikdə 8.899.425,60 Avro dəyərində Mal təchiz edilmişdir. Faktiki olaraq həmin şirkətə 2.340.000 Avro ödənilməmiş qalıq borcumuz mövcuddur. 07.08.2019-cu il tarixində ödənilmiş avans məbləğin bir hissəsi, yəni “Thales Six GTS France S.A.S. şirkətinə - 146.328,05 Avro, vergi qanunvericiliyinin tələbinə görə ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilən 10% vergi - 16.258,60 Avro (ümumilikdə - 162586,72 Avro) servis işinə aid olmuşdur. Tərəflər arasında imzalanmış 5 may 2020-ci il tarixli Hazırlıq aktından görünür ki, Müqavilənin 1-ci Fazası və 2-ci Fazası Tərəflər “Xocəsən” Elektrik deposunun layihə dizayn işlərini təhvil-təslim etmiş və bu işin məbləği 168.000,00 Avro təşkil etmişdir. Yəni , işlərin (xidmətin) görülməsi üçün "xxxx" QSC tərəfindən 07.08.2019cu il tarixində avans olaraq ödənilmiş məbləğin (“Thales Six GTS France S.A.S. şirkətinə 146.328,05 Avro + 16.258,60 Avro ödəmə mənbəyindən 10% vergi (ümumilikdə - 162586,72 Avro) müqabilində adıkeçən şirkət 168.000 Avro dəyərində iş görmüşdür. Sadəcə olaraq bu sənədlər aralıq aktları və sertifikatları olmuş, servis işlərinin bütün məbləğinə (müqaviləyə B1 saylı Əlavəyə görə 1-ci Mərhələdə görülməsi nəzərdə tutulan işlərin ümumi qiyməti 193.588 Avro müəyyən olunmuşdur) münasibətdə yekun akt tərtib və təqdim etmək mümkün olmamışdır. Beləliklə, həmin şirkət tərəfindən görülmüş işin dəyəri (168.000 Avro) ona ödənilmiş avans məbləğindən (146.328,05 Avro) çox olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin hallarından göründüyü kimi, "xxxx" QSC tərəfindən inzibati xəta törədilməmişdir, inzibati xəta hadisəsi olmadığına görə İXM-nin 53-cü maddəsinə əsasən başlanmış icraata xitam verilməlidir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Thales Communications & Secutity S.A.S.” şirkətinin müvafiq bank hesabına 146328,05 Avro ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 11 mart 2019-cu il tarixli, BM/Pİ/XM-19-37 saylı müqavilənin və 5 may 2020-ci il tarixli hazırlıq aktının surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales Six GTS France S.A.S.” şirkəti arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış və həmin müqavilə əsasında 168000,00 Avro məbləğində xidmətlər həyata keçirilmişdir. Bununla da, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 146328,05 Avro məbləğində vəsait hesabına xidmətlərin həyata keçirilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 31 avqust 2021-ci il tarixdə tərtib edilənədək həmin QSC tərəfindən 146328,05 Avro məbləğində xidmətlər qanunvericilikdə nəzərdə tutulan müddətdə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən "xxxx" Qapalı Səhmdar Cəmiyyət barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Qapalı Səhmdar Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar