Məhkəmə qərarları › İş №3(006)-2332/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2332/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2332/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" QSC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 16, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 31.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə "xxxx" QSC 86400.00 Avro məbləğində olan vəsaiti bank hesabından 07.08.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 lazımi sənədlərin "xxxx" QSC tərəfindən onlara sonradan təqdim olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, "xxxx" QSC ilə “Thales Communications & Security S.A.S” şirkəti arasında “Bakı Metropoliteninin Bənövşəyi xəttinin yeni “B-03” stansiyasında işarəvermə və rabitə sistemlərinin həyata keçirilməsi üçün avadanlıqların təchizatı və əlaqədar xidmətlərə dair” 5.616.985,00 Avro dəyərində 14.09.2016-cı il tarixli BM/Pİ/XM-19-295 nömrəli müqavilə imzalanmışdır. Sonradan müqavilənin məbləğinə müqaviləyə 12.11.2018-ci il tarixli 1 saylı Əlavə Razılaşmaya əsasən 33.983,00 Avro, 11.03.2019-cu il tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən isə 320.000,00 Avro əlavə olunmuş, müqavilənin ümumi məbləği 5.970.968,00 Avro təşkil etmişdir. Müqavilə məbləğinin 5.418.968,00 Avro hissəsi malların (avadanlıqların) dəyəri, 552.000,00 Avro isə işin dəyərini təşkil edirdi. Həmin şirkət ümumi avadanlıqların təchizatını 100% yerinə yetirmiş, servis xidmətini yaxın günlərdə tam bitirmək üzrədirlər. Müqavilə imzalandıqdan sonra ötən müddət ərzində avadanlıqların təchizatı və servis xidmətlərinin göstərilməsi ilə əlaqədar "xxxx" QSC “Thales Communications & Security S.A.S” şirkətinə ümumilikdə 5.391.160,50 Avro ödəniş etmiş, faktiki olaraq həmin şirkətə 579.807,50 Avro ödənilməmiş qalıq borcları mövcuddur. İnzibati protokolda qeyd olunan məbləğə (86400,00 Avro) aydınlıq gətirərək bildirirlər ki, həmin məbləğ Müqaviləyə 2 saylı Əlavə Razılaşmada əks olunmuş 320.000,00 Avronun 30 faizidir ki, müqavilə şərtinə görə tərəflərindən avans olaraq ödənilmişdir. Yəni, servis işlərinin yerinə yetirilməsi üçün "xxxx" QSC tərəfindən 07.08.2019-cu il tarixdə bu şirkətə avans məbləği olaraq 86.400,00 Avro, vergi qanunvericiliyinin tələbinə görə ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilən 10% vergiyə görə - 9.600,00 Avro, ümumilikdə - 96.000,00 Avro ödəniş edilmişdir. 2 saylı Əlavə Razılaşma üzrə ödənilmiş avans məbləği müqabilində həmin şirkət 98.000,00 Avro dəyərində servis işlərini icra etmişdir. Belə ki, Tərəflər arasında imzalanmış 28 aprel 2020-ci il tarixli “X3 (MDM) ilkin mərhələsinin (faza 0) ilkin layihələndirmə Sertifikatı” adlı sənəddən görünür ki, ilkin layihə araşdırması (MDM otağının planlaşdırılması və video divar sistemlərinin təchizatçısını seçmək) və MDM Faza 0 üçün quraşdırma sənədlərinin hazırlanmasına dair işi tərəflər təhvil-təslim etmiş və dizayn mərhələsinin ümumi dəyəri 98.000,00 Avro təşkil etmişdir. Yəni, şirkət tərəfindən görülmüş və barəsində 28.04.2020-ci il tarixli təhvil-təslim aktı imzalanmış işin dəyəri (98.000,00 Avro) bu şirkətə 07.08.2019-cu il tarixdə ödənilmiş avans məbləğindən (86.400,00 Avro) artıq olmuşdur. Sadəcə olaraq bu sənədlər aralıq aktları (sertifikatlar) olmuşdur. 2 saylı Əlavə Razılaşmada nəzərdə tutulan məbləğin 70% hissəsi üzrə işlərin icrası sonrakı mərhələrdə həyata keçiriləcəyindən yekun həmin Razılaşma üzrə təhvil-təslim aktı tərtib oluna bilməzdi. Göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, "xxxx" QSC barəsində 31.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" QSC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan: - "xxxx" QSC ilə “Thales Communications & Security S.A.S” şirkəti arasında imzalanmış “Bakı Metropoliteninin Bənövşəyi xəttinin yeni “B-03” stansiyasında siqnalizasiya və və telekommunikasiya sistemlərinin reallaşdırılması üçün avadanlıqların təchizatı və əlaqədar xidmətlərə dair” 14 sentyabr 2016-cı il tarixli BM/Pİ/XM-16-295 saylı müqaviləyə 2 saylı əlavə sazişin 2-ci bəndinə əsasən ümumi müqavilənin qiyməti əlavə xidmətlərin alınması ilə əlaqədar 320,000.00 avro artırılmış və əlavə xidmətlərin qiymətinin 30% həcmində avans ödənişinin hazırki müqavilənin və müvafiq hesab fakturanı və Bank Qarantiyasını aldıqdan sonra 60 gün ərzində bank köçürməsi yolu ilə təchizatçıya ödənilməsi razılaşdırılmışdır. - “X3 (MDM) ilkin mərhələsinin (faza 0) ilkin layihələndirmə Sertifikatı” adlı sənəddən görünür ki, ilkin layihə araşdırması (MDM otağının planlaşdırılması və video divar sistemlərinin təchizatçısını seçmək) və MDM Faza 0 üçün quraşdırma sənədlərinin hazırlanmasına dair işi tərəflər təhvil-təslim etmiş və dizayn mərhələsinin ümumi dəyəri 98.000,00 Avro təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X6 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, servis işlərinin yerinə yetirilməsi üçün "xxxx" QSC tərəfindən 07.08.2019-cu il tarixdə “Thales Communications & Security S.A.S” şirkətinə avans məbləği olaraq 86.400,00 Avro ödənilmiş və ödənilmiş valyuta vəsaitinin müqabilində tərəflər arasında razılaşdırılmış işlər Şirkət tərəfindən görülmüşdür. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından "xxxx" QSC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar