Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2332/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1993-cu il tarixdə Ağdam rayonu, Baş Qərvənd kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Qərvənd Ə/D, Baş Qərvənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Nəsimi rayonu, A.Mustafayev küçəsində sərxoş vəziyyətdə ictimai qaydanı pozmuş və daha sonra polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru – X4 izahatında göstərdi ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları Emin Novruzov ilə Balakişi Quliyev xx.xx.2025-ci il, saat 21:30 radələrində ünvan 1 ünvanında baş vermiş oğurluq hadisəsinə görə müşahidə kameralarına baxış keçirən zaman iki nəfər şəxsin uca səslə qışqıraraq icrtimai qaydanı və ictimai asayişi pozduğunu üçün həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman həmin şəxslərdən birinin spirtli içkinin təsiri altında olması müəyyən edilmişdir. Polis əməkdaşları həmin şəxsdən sakitliyə riayət etmələrini və ətrafda olan digər şəxsləri narahat etməmələrini tələb etdikdə, sonuncular polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam edərək ünvansız nalayiq ifadələr işlətmişlər. Həmin şəxslər 19-cu Polis Şöbəsinə gətirmək istədikdə, sonuncular polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarına mane olmağa çalışmışlar. Bundan sonra həmin şəxslərin 19-cu Polis Şöbəsinə gətirilməsi təmin olunmuşdur. Şöbədə məlum olmuşdur ki, həmin şəxslərdən biri xx.xx.1993-cü il təvəllüdlü Şəxsdur. Şəxs Polis Şöbəsində olan zaman öz hərəkətlərinə davam edərək polis əməkdaşlarına qarş nalayiq ifadələr işlətmişdir. Etdiyi əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrin tərkibi olduğundan tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostu ilə birlikdə kafedə yemək yemiş, daha sonra spirtli içki qəbul etmişdir. Bundan sonra saat 21:30 radələrində onunla dostu Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə yaşadığı evə gedən zaman onların yanından yüksək sürətlə motosiklet keçmişdir. Bu zaman onlar həmin şəxslərə irad bildirərək, orada ailə və uşaq yaşadığını, ehtiyatlı sürmək lazım olduğunu bildirmişlər. Bu zaman həmin şəxslərlə birlikdə başqa şəxslərdə onların üzərinə gəlmiş və aralarında mübahisə yaranmışdır. Daha sonra isə əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları 102 Zəng Mərkəzinə məlumat daxil olduğunu bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Bu zaman dostu polis əməkdaşlarına mane olmaq istədikdə polis əməkdaşları onları sürüyərək xidməti avtomobilə əyləşdirərək Polis Şöbəsinə gətirmişlər. O, həmin vaxt spirtli içkinin təsiri altında olsa da, nalayiq ifadələrdən istifadə etməmiş, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Lakin, polis əməkdaşları ona qarşı zor tətbiq etmişlər. Polis Şöbəsində olan zaman əsəbi olduğu üçün nalayiq ifadələr işlətmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı – X7 izahat verərək bildirmişdir ki, X3 məxsus mənzilin çöl hissəsindən kombi aparatının naməlum şəxs tərəfindən oğurlanması ilə bağlı xx.xx.2025-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis nəfəri X2 ilə birlikdə ünvan 2 ünvanında müşahidə kamera görüntülərinə baxan zaman iki nəfər şəxs uca səslə qışqıraraq ictimai qaydanı və ictimai asayişi pozduqları üçün onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman həmin şəxslərdən birinin spirtli içkinin təsirində olması müəyyən edilmişdir. Həmin şəxslərdən sakitliyə riayət etmələrini və ətrafda olan digər şəxsləri narahat etməmələrini tələb etdikdə, həmin şəxslər onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərinə davam edərək nalayiq ifadələr işlətmişlər. Həmin şəxslər saxlanılaraq 19-cu Polis Şöbəsinə gətirilən zaman onlar müqavimət göstərərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Polis Şöbəsində həmin şəxslərdən birinin xx.xx.1993-cü il təəvllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis nəfəri, polis serjantı X2 şahid X7 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, Nəsimi rayonu, A.Mustafayev küçəsində sərxoş vəziyyətdə ictimai asayişi pozub polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 23:15-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 2/19082 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, həmin tarixdə Şəxs sərxoşluq dərəcəsi orta olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə (raport, izahatlar və.s) sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozan hərəkətlər etmiş, polis əməkdaşının ictimai qaydanı pozmamaq və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən məhkəmə iclası zamanı vermiş izahatın özünümüdafiə xarakterli olduğu qənaətinə gəlməklə, hazırkı işə münasibətdə mötəbərli sübut kimi olmasını qəbul etmir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta hadisəni sərxoş halda törətməsi əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 23:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - həmin Məcəllənin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 23:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2332/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2332/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver