Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2335/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 08 iyul 2021-ci il tarixli, 00100-0934/21/1 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən 06 may 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2088 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Almaniyadan 61K2640/61ACA448 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 29 aprel 2021-ci il tarixdə, saat 10:10-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən inzibati xəta haqqında protkol tərtib olunsa da, həmin protokol əsassız olduğundan rədd edilməlidir. Belə ki, qısa idxal bəyannaməsi gömrük orqanının elektron sistemində baş verən texniki nasazlıq səbəbindən yazıla bilməmiş və bu səbəbdən də gecikmə baş vermişdir. Bununla bağlı gömrük orqanına rəsmi olaraq məktub göndərilərək həmin halın nəzərə alınması xahiş olunmuşdur. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 100cü maddəsinin tələbləri pozulmuş, hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Belə ki, protokol barəsində etiraz və ya digər vəsatətlərin verilməsi və ya MMC-nin hüquqlarının müdafiəsi üçün lazım olan digər tədbirlərin görülməsi tərəflərindən mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, inzibati protokol üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə iclasında İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş 30.04.2021-ci il tarixli Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova ünvanlanmış məktubdan görünür ki, Şəxs adına olan **********17345 barkod nömrəsi ilə ölkəyə daxil olan yük üçün qısa idxal bəyannaməsinin sistemdə yaranmış olan problemə görə yazıla bilmədiyi bildirilmiş və həmin texniki nasazlıq nəzərə alınaraq yükün cərimə tətbiq olunmadan gömrük üzrə prosedurdan keçirilməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 112.1.4.-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, sübutetmə yükü inzibati xəta haqqında protokol tərtib edən inzibati orqanın üzərində olduğu üçün inzibati xəta haqqında iş materiallarla birlikdə sübuta yetirilmədiyindən və İXM-nin 53.1.2-ci maddəsinə əsasən Şəxs tərəfindən İXM-nin 113.1-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsi, yəni qısa idxal bəyannaməsinin təqdim edilsə də, texniki nasazlıq səbəbindən verilməməsi müəyyən edilməklə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2335/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2335/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver