Məhkəmə qərarları › İş №3(006)-235/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-235/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-235/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibat xəta haqqında “Şəxs“MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan hüquqi şəxs: Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küç., ev 62, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş 23.12.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-ci ildə məcburi auditini aparmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.01.2021-ci il tarixli, 3(006)-235/2021 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və iş yenidən baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibat xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şirkətin maliyyə ili cari ilin yanvar ayının 1-dən həmin ilin dekabrın 31-dək olan müddəti əhatə edir. Şirkət cari ilin maliyyə hesabatını 31 dekabr tarixinədək tərtib edib aidiyyəti üzrə təqdim etmişdir. 12.06.2019-cu il tarixli, AT/193 nömrəli icazə, o cümlədən 03.5.2019-cu il tarixli sertifikat əsasında fəaliyyət göstərən “xxxx” MMC-nin auditoru Sevinc Məmmədova tərəfindən tərtib edilmiş müstəqil auditor rəyinə əsasən şirkətin 2018ci ilə aid maliyyə hesabatının auditor yoxlamasından keçdiyi və qanunla nəzərdə tutulmuş öhdəliyin icra edildiyi tam təsdiqini tapır. Eyni zamanda hər-hansı auditor rəyinin etibarlı olması üçün onun dərc edilməsi tələbi qanunvericiliklə nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə məsuliyyət müəyyən edir. Hazırda isə şirkətin məcburi auditdən keçdiyi təsdiq olunur və yayınma istisna edilir. Bununla belə şirkətin 2018-ci ilin hesabatını məcburi audit yoxlamasından keçmədiyi hesab edilsə belə, bu inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibat xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “xxxx” MMC-nin auditoru Sevinc Məmmədova tərəfindən Şəxs MMC-nin 31.12.2018-ci il tarixinə “Maliyyə hesabatları və müstəqil auditor rəyi” tərtib olunmuşdur. Sənəddə onun verilmə tarixi göstərilməmişdir; - Azərbaycan Respublikası Auditorlar palatası tərəfindən verilmiş 12.06.2019-cu il tarixli, AT/193 saylı İcazədən görünür ki, “xxxx“ MMC-yə 12 iyun 2019-cu il tarixdən 5 illik müddətə auditor fəaliyyətini həyata keçirməyə icazə verilir; - Müvafiq sistemdən əldə olunmuş çıxarışa əsasən “Şəxs“MMC-nin 2018-ci il üzrə apardığı əməlliyyat 198.754.698,58 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət“(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)“illik maliyyə“hesabatlarının“düzgünlüyünü yoxlatmaq üçün hər il“müstəqil“auditor cəlb etməlidir (kənar audit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən“təşkilatlardan internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının“auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində“və ya mətbu orqanda“dərc olunması tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatdan aşağı olan, kiçik sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan yuxarı, 3 milyon manatdan aşağı olan, orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri aiddir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mühasibat uçotu subyekti olan iri sahibkar Şəxs MMC 2018-ci ilə aid illik maliyyə (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə məcburi auditdən keçirməyərək onun dərc olunmasını təmin etməmişdir. Eyni zamanda Şəxs MMC-nin nümayəndəsinin şirkətin müdafiəsi üçün gətirdiyi dəlil, yəni auditor rəyinin vaxtında tərtib olunması ilə bağlı məhkəmə qeyd edir ki, bu sənədin auditor tərəfindən nə zaman tərtib edilib verilməsini müəyyən etmək mümkün olmur. Eyni zamanda o da müəyyən edilir ki, Şəxs MMC tərəfindən inzibati xəta 2019-cu il ərzində törədilmiş və hazırda bu xətanın törədildiyi gündən artıq 1 il müddət keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.“Yol hərəkəti qaydaları,“gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları,“xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları,“qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,“eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,“hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə,“qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının“pozulmasına, xırda talamaya“görə“inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi həmin Məcəllənin XXXVİ fəslinə, yəni vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara daxil edilir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti 1 il müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş əməli törətsə də, müddətin keçməsi ilə bağlı hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar