Məhkəmə qərarları › İş №3(006)-2352/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2352/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2352/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “xxxxxxxxxxx” MMC-də satış məsləhətçisi vəzifəsində işləyir. Karantin dövründə “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən malların “online” şəkildə satışı həyata keçirilmiş, bunula bağlı o, sifarişlərin qəbulu və çatdırılması xidmətinə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdə o və iş yoldaşı Məqsud Niyazov “Sahil” stansiyası yaxınlığında yerləşən işlədiyi mağazanın qarşısında olarkən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinin polis əməkdaşları onlara yaxınlaşaraq müvafiq icazənin olub-olmamasını soruşmuş, o da icazə portalından olan sənədi təqdim etmişdir. Lakin polis əməkdaşları bu icazənin bazar günü yaşayış yerini tərk etməyə əsas olmadığını bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu söyləmişdir. O, işlədiyi mağazada “online” sifarişlərin həftə sonu da müştərilərə çatdırılması xidmətinin olduğunu desə də, buna əhəmiyyət verilməmişdir. İnzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan qəbul edilmiş, bu barədə qərar icraya yönəldikdən sonra Nəsimi rayon İcra və probasiya şöbəsinin vasitəsilə məlumatı olmuş və qərarın surətini orada əldə edə bilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X4 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - “icaze.e-gov.az” portalından əldə edilmiş çıxarışa əsasən X4 (FİN:4KXN5MP) “xxxxxxxxxxx” MMC-də satış məsləhətçisi vəzifəsində işləyir, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərİ üzrə hərəkətinə icazə verilir; - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 saylı Qərarının 1-ci bəndinə görə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Həmin Qərarın 4-cü bəndinə görə bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə xüsusi xidmət növləri üzrə: çatdırılma xidmətləri və sair istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 124 saylı Qərarının 1-ci bəndinə görə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilir: aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları (1.2-ci bənd). “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 144 saylı Qərarının 1-ci bəndinə görə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 04 may saat 00:00-dək uzadılmışdır. Göründüyü kimi, X4 məişət və texnika avadanlıqlarının satışı xidmətləri üzrə fəaliyyət göstərən, eyni zamanda “online” sifariş qəbulu və ünvana çatdırma xidmətlərini də həyata keçirən “xxxxxxxxxxx” MMC-də satış məsləhətçisi vəzifəsində işləyir və onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri üzrə hərəkətinə qanuni əsaslarla icazə verilmişdir. Bununla da işlədiyi mağazanın fəaliyyətinə karantin rejimi dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən qanuni olaraq icazə verildiyindən onun tərəfindən karantin rejiminin tələblərinin pozulması faktı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar